×
A
A
A
Sazlamalar

“Badminton uşaq bağçası” layihəsinin təqdimat mərasimi keçirilib

Bakı, 26 sentyabr, AZƏRTAC

Sentyabrın 26-da Azərbaycan Badminton Federasiyası və Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyinin (ABTM) birgə əməkdaşlığı çərçivəsində Bakı Fransız Liseyində “Badminton Uşaq Bağçası” layihəsinin təqdimat mərasimi keçirilib.
Federasiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə SOCAR-ın vitse-prezidenti, ABTM-in sədri Xalik Məmmədov, gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov iştirak edib. Layihənin keçirilməsində məqsəd bağça uşaqlarında erkən yaşlarda (3-6 yaş) badmintona maraq yaratmaq, bu idman növünün hamı üçün əlçatan olmasını təbliğ etmək və istedadı olan uşaqları vaxtında müəyyən etməkdir.
“Badminton uşaq bağçası” layihəsi Bakı Fransız Liseyi ilə yanaşı Azərbaycan Britaniya Kollecində də tətbiq olunacaq. Azərbaycan Badminton Federasiyası layihə çərçivəsində Bakı Fransız Liseyi və Azərbaycan Britaniya Kollecini inventar və təlimçilərlə təmin edəcək.
Azərbaycan Badminton Federasiyasının dəstəyi ilə Bakı Fransız Liseyi və Azərbaycan Britaniya Kollecində yaradılan badminton bölmələrində, bütün yaş kateqoriyaları üzrə məktəblilər üçün də bu idman növü üzrə STEM və STEAM əsaslı təlim-məşq prosesi interaktiv şəkildə təşkil olunacaq.
Layihə çərçivəsində “Virtual reallıq” proqramı vasitəsilə uşaqlara badmintonun idman nəzəriyyəsi təqdim olunacaq. Proqram xüsusi səs effektləri və 3D görüntü vasitəsilə bağça uşaqlarına öz həmyaşıdları ilə virtual formada badminton oynamaq imkanı qazandırır ki, bu da nəticə etibarı ilə uşaqlarda nəzəri və praktiki biliklər formalaşdırmış olur.
Tədbirin sonunda Azərbaycan Badminton Federasiyası və Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyi arasında qarşılıqlı əməkdaşlıq barədə memorandum imzalanıb.
Layihə Azərbaycan Milli Olimpiya Komitəsinin 30 illik yubileyi çərçivəsində həyata keçirilən tədbirlər silsiləsindəndir.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi (ABTM) 2012-ci ildə beynəlxalq təhsilin Azərbaycanda inteqrasiyasına dəstək üçün SOCAR tərəfindən təsis olunmuş qeyri-hökumət təşkilatıdır. Təşkilatın Bakı şəhərində fəaliyyət göstərən iki beynəlxalq məktəbi, Bakı Fransız Liseyi təhsil kompleksi və Azərbaycan Britaniya Kolleci təhsil kompleksi 10 ilə yaxındır ki, çox uğurla fəaliyyət göstərir.
2013-cü ildən fəaliyyət göstərən Bakı Fransız Liseyi bağça, ibtidai məktəb, kollec və liseydən ibarətdir. Burada məktəbəqədər və məktəb yaşlı 202, o cümlədən 14 millətdən olan 85 xarici uşaq təhsil alır.
Azərbaycan Britaniya Kolleci 2012-ci ildən fəaliyyətə başlayıb. Hazırda bağça, məktəbəqədər hazırlıq, ibtidai və orta təhsil imkanları yaradan qabaqcıl təhsil müəssisəsi kimi Azərbaycan da daxil olmaqla, 25 müxtəlif ölkədən 730 şagirdə xidmət göstərməkdədir.

İdman 2022-09-26 21:39:00