×
A
A
A
Sazlamalar

Babək rayonunun Sirab kəndi abad kəndlər sırasına qoşulub

Babək, 26 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Bu gün Naxçıvanın gələcək inkişafı ilə bağlı əlavə sözlərə ehtiyac yoxdur. Çünki bütün işlər burada ən yüksək səviyyədə görülübdür”.
Son illər həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq tədbirləri, sosial sahəyə qayğı və yeni infrastrukturun yaradılması muxtar respublikanın kənd yaşayış məntəqələrini müasirləşdirib. Babək rayonunun böyük yaşayış məntəqələrindən olan Sirab kəndində də quruculuq işləri aparılıb, əhalinin rahat yaşayışı təmin olunub.

Sirab kənd məktəbi yenidən qurulub

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 26-da Sirab kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbdə yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan 960 şagird yerlik məktəbdə 49 sinif otağı, kimya, biologiya, fizika laboratoriyaları, 3 elektron lövhəli sinif, 2 şahmat sinfi, 2 kompüter, 2 müəllimlər, psixoloq və direktor otaqları, hərbi kabinə, STEAM kabinəsi, kitabxana, qarderob, bufet, idman zalı və texniki otaqlar yerləşir.
Məktəbin kitabxana fondunda 10 min 292 kitab vardır. Kitabxanaya “Fərdi paylayıcı-öyrədici vəsaitlər toplusu” təqdim olunub. Fərdi paylayıcı materialların tətbiqinin əsas məqsədi uşaqların öyrəndikləri mövzuları müstəqil mənimsəmələrinə, müxtəlif məlumat mənbələri ilə işləmək bacarıqlarının formalaşdırılmasına, təlim fəaliyyətinin aktivləşdirilməsinə, eyni zamanda, yeni materialı daha dərindən qavramalarına səbəb olur.
STEAM kabinəsində 1 elektron lövhə, 2 kompüter, 3D printer quraşdırılıb. Kabinə mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları, həmçinin yeni nəşr olunan ədəbiyyat və dərsliklərlə təchiz edilib. Şagirdlər hazırladıqları “Yuxu əleyhinə ağıllı eynək” və “İstehsalatda rəngli maddələri çeşidləyən robot” layihələrini təqdim ediblər.
Müəllimlərdən Dilbər Qasımzadə və Çinarə Babayeva yaradılan şəraitə görə minnətdarlıq ediblər.
Məktəbdə internetə çıxışı olan 51 kompüter və 5 elektron lövhə quraşdırılıb. Ali Məclisin Sədri elektron lövhəli sinifdə Xatirə Muzeyi ilə 200-dən artıq təhsil müəssisəsi arasında “Şəhidlər unudulmur” mövzusunda keçirilən interaktiv dərsi izləyib.
2022-2023-cü tədris ilində məktəbin birinci sinfinə 62 şagird qəbul olunub. Birinci sinif şagirdi Zəhra Novruzova ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş şeir söyləyib.
Gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, onların hərbi biliklərə yiyələnməsi sonrakı dövrdə peşəkar hərbçi kimi yetişmələrinə xidmət edir. İstifadəyə verilən hərbi kabinə bu mənada mühüm əhəmiyyət daşıyır. Bildirilib ki, məktəbin 1 məzunu Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin birinci kursunda, 1-i isə Heydər Əliyev adına Hərbi Liseyin ikinci kursunda təhsillərini davam etdirir.
Məktəbin bütün lazımi əyani vasitələrlə təchiz olunmuş şahmat sinfi, geniş idman zalı və açıq idman qurğuları şagirdlərin fiziki sağlamlığına və əqli inkişafına kömək edəcəkdir.
Sonra məktəbin pedaqoji kollektivi ilə görüş olub.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov və məktəbin gənc müəllimi Çimnarə Şahbazova çıxış ediblər. Çıxışlarda muxtar respublikada təhsilin inkişafı sahəsində görülən işlərdən bəhs olunub, yaradılan şəraitə görə minnətdarlıq edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Sirab kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, tədrisdə uğurlar arzulayıb.
Binanın həyətində qazanxana tikilib, açıq idman qurğuları quraşdırılıb, abadlıq və yaşıllaşdırma işləri görülüb.
Ali Məclisin Sədri məktəbin tikintisində əməyi olanlara təşəkkür edib, tədrisin keyfiyyətinə, nizam-intizama ciddi diqqət yetirilməsi və qurulanların qorunması barədə tapşırıqlar verib.

Abad kənd yolundan bəllidir

Ölkəmizdə, o cümlədən muxtar respublikada yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində kompleks tədbirlər görülür, kənd yolları yenidən qurulur.

Sentyabrın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Sirab kənd yolunda yaradılan şəraitlə tanış olub.
Bildirilib ki, ümumi uzunluğu 15 kilometr olan kənd yoluna asfalt örtük salınıb, 12 kilometr kənddaxili yollara qum-çınqıl qatı verilib, müxtəlifölçülü 106 metal boru su keçidləri qoyulub, 2 yeni körpü salınıb, 1 körpü təmir edilib, 1990 metr beton su kanalı çəkilib.

Sirab Kənd Mərkəzi və Həkim Ambulatoriyasında müasir iş şəraiti yaradılıb

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kənd mərkəzi və həkim ambulatoriyasında aparılan təmir işləri ilə də maraqlanıb.

Bildirilib ki, ikimərtəbəli kənd mərkəzi və həkim ambulatoriyasının dam örtükləri, fasadı və iş otaqları təmir olunub, pərdələr və xalçalar yenilənib. Binaların həyətlərində abadlıq işləri görülüb.
İnzibati ərazi dairəsi üzrə nümayəndə Rufan Orucov kənddə görülən işlərdən bəhs edib.
Ambulatoriyanın baş həkimi Ülkər Quliyeva kollektiv adından minnətdarlıq edib, bundan sonra da yaradılan şəraitdən istifadə edərək kənd əhalisinin sağlamlığının keşiyində duracaqlarına söz verib.
Ali Məclisin Sədri peyvənd və patronaj işinin təşkili, eləcə də səhiyyə maarifinə üstünlük verilməsi barədə tapşırıqlar verib.
Sonra kənd sakinləri ilə görüş olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sakinləri görülən işlər münasibətilə təbrik edib.
Sirab kənd sakinləri adından minnətdarlıq edən ziyalı İsmayıl Zeynalov deyib: “Ötən ildən etibarən Sirab kənd tam orta məktəbində tikinti işlərinə başlanılıb və bu gün kollektivə hədiyyə olunur. Uzun illərdir, Naxçıvan Dövlət Universitetində çalışan müəllim kimi deyə bilərəm ki, yeni məktəb binası müasirliyinə və şəraitinə görə ali təhsil ocağının korpusunu xatırladır. Bütün bunlar muxtar respublikada ulu öndər Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsindən, elmə, təhsilə, gələcəyimiz olan gənclərə göstərilən diqqət və qayğıdan xəbər verir. Eyni zamanda kəndə yeni təsərrüfat suyu çəkilir, yollarımız abadlaşdırılıb, iki yeni körpü tikilib”.

X   X   X

Sirab kəndində bir sıra abadlıq işləri də görülüb. Kənddə 400 metr fiber-optik, 400 metr yeraltı kabel xətti çəkilib. Həmçinin 22 elektrik dirəyinə beton gövdə bərkidilib, 745 metr məftil naqil müxtəlifölçülü kabel xətti ilə əvəz edilib, 160 kilovatlıq transformator yarımstansiyası təmir edilib. Bundan başqa 230 poqonometr polietilen borularla məktəb binasına qaz xətti çəkilib, 2404 poqonometr qaz xəttində təmir-bərpa işləri aparılıb. Eyni zamanda “Sirab” nasos stansiyasının təzyiqli boru xəttinin yenisi ilə əvəz olunması üçün diametri 315 millimetr olan 2400 metrlik plastik borularla su xətti çəkilir.

Siyasət 2022-09-26 20:45:00