×
A
A
A
Sazlamalar

Türkiyə Prezidenti: Yunan siyasətçilərini üstümüzə salanların əsl niyyətlərinin böyük və güclü Türkiyənin qurulmasını əngəlləmək olduğunu bilirik

Ankara, 26 sentyabr, AZƏRTAC

Qonşumuz Yunanıstanın hər tərəfi əhatə edən təhrikçi və təxribatçı siyasətlərini diqqətlə təqib edirik. Yunan siyasətçilərini təhriklə üstümüzə salanların əsl niyyətlərinin böyük və güclü Türkiyənin qurulması proqramını əngəlləmək olduğunu bilirik. Yunanıstanın dörd bir tərəfində işğal görüntüsü yaradan xarici hərbçi təyinatlı cəmləşmə bizi deyil, yunan xalqını rahatsız etməlidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin sentyabrın 26-da keçirilən iclasından sonra xalqa müraciətində ifadə edib.
Çıxışında hökumətin həyata keçirdiyi “İlk evim, ilk iş yerim!” layihəsi barədə geniş məlumat verən dövlət başçısı bildirib ki, bu çərçivədə 5 min mənzillik ilk evlərin təməli oktyabrın 25-də atılacaq. Dövlət başçısı hökumətin digər sosial təyinatlı qərarlarını da açıqlayıb.
Türkiyənin xarici siyasətinin istiqamətlərindən bəhs edən Prezident Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Səmərqənddə keçirilən Sammiti çərçivəsində Prezident İlham Əliyev daxil olmaqla, digər iştirakçı dövlət və hökumət başçıları ilə səmərəli görüşlər keçirdiyini xatırladaraq, ŞƏT-nin fəaliyyətinin böyük əhəmiyyət daşıdığını vurğulayıb.

 
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2022-09-26 19:58:00