×
A
A
A
Sazlamalar

Şuşa ətrafında seysmoloji stansiyanın quraşdırılması ilə bağlı görüləcək işlər müzakirə edilib

Bakı, 26 sentyabr, AZƏRTAC
Sentyabrın 26-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) ilə Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Zəlzələ departamentinin rəhbərləri arasında “Zoom” platforması üzərindən onlayn görüş keçirilib.
Görüşdə AFAD-ın Zəlzələ departamentinin rəhbəri, professor Murat Nurlu, departamentin Zəlzələ müşahidələri sisteminin rəhbəri Vedat Özsaraç və departamentin əməkdaşı Məltəm Türkoğlu, AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli və mərkəzin müvafiq şöbələrinin rəhbərləri iştirak ediblər.
Respublika Seysmoloji Xidmət Mərkəzinin informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, müzakirələr zamanı AFAD-ın Zəlzələ departamenti tərəfindən Azərbaycana veriləcək bir ədəd seysmik stansiyanın Şuşa şəhərinin ətrafında quraşdırılması ilə bağlı atılacaq birgə addımlar və görüləcək işlərə toxunulub.
Professor Qurban Yetirmişli bildirib ki, işğaldan azad olunmuş ərazilərdə seysmik stansiyaların quraşdırılması mərkəzin prioritet məsələsidir. Qarabağda seysmik stansiyaların quraşdırılması prosesinin ləngiməsinin azad olunmuş ərazilərin minalardan təmizlənməsinin davam etməsi ilə bağlı olduğunu qeyd edən baş direktor seysmik stansiyaların quraşdırılması üçün mütləq ərazilərə baxış keçirilməsinin və texniki parametrlərin uyğunluğunun yoxlanılmasının vacibliyini diqqətə çatdırıb. Eləcə də həmin ərazilərdə məskunlaşmanın olmasının da vacibliyi vurğulanıb. Çünki bunun sayəsində stansiyaların işləməsinə nəzarət etmək mümkün olacaq.
Baş direktorun sözlərinə görə, Türkiyə tərəfindən Azərbaycana hədiyyə olunacaq seysmik stansiyanın Şuşa şəhəri ətrafında quraşdırılması qardaşlığımızın, birliyimizin simvolu sayıla bilər.
AFAD-ın Zəlzələ departamentinin rəhbəri, professor Murat Nurlu bildirib ki, oktyabr ayının sonunda həmin məqsədlə AFAD rəhbərliyinin iştirakı ilə Azərbaycana səfər etmək niyyətindədirlər. Bu zaman AFAD nümayəndələrinin Şuşaya səfəri də nəzərdə tutulur. Səfər çərçivəsində Türkiyə və Azərbaycan seysmoloqları quraşdırılacaq seysmik stansiya ilə bağlı Şuşa ətrafı ərazilərə baxış keçirmək niyyətindədirlər.
Qeyd edək ki, görüşdə iki qardaş ölkə arasında seysmik stansiyaların məlumatlarının mübadiləsi, birgə beynəlxalq layihələrdə iştirak və s. məsələlərə də toxunulub.

 

Ekologiya 2022-09-26 19:21:00