×
A
A
A
Sazlamalar

Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələri üçün tədris başlanılıb

Bakı, 26 sentyabr, AZƏRTAC

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində sentyabr ayından etibarən Mərkəzi Gömrük Hospitalının bazasında İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələrinə praktiki dərslərin tədrisinə başlanılıb.
Komitədən AZƏRTAC-a bildirilib ki, müxtəlif fənlər üzrə dərslər Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və Mərkəzi Gömrük Hospitalının aparıcı mütəxəssisləri tərəfindən aparılacaq. Tədrisin ilk günündə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının 6-cı kurs tələbələri “Fövqəladə hallar təbabəti” fənninin tədrisinə başlayıblar. Oktyabrın 4-dək intensiv olaraq davam edəcək “Fövqəladə hallar təbabəti” fənnini tələbələrə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev tədris edir. Tələbələrə fövqəladə hallarda kəskin kimyəvi maddələrdən zəhərlənmələr, radiologiyaya qarşı müdafiə, müxtəlif fövqəladə hallar zamanı, o cümlədən yanıqlar, partlayışlar, nəqliyyat vasitələrində, kütləvi toksikoloji hadisələrdə tibbi yardımın təşkili, əks-epidemik tədbirlər, uşaqlara fövqəladə hallarda ilk yardım və sair aktual məsələlər üzrə tədris edilir.
Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı arasında imzalanmış əməkdaşlıq memorandumu əsasən yerli və regional səviyyəli sertifikatlaşdırılmış tibbi təlim kurslarının, elmi-praktik tədbir və tədqiqatların, eləcə də rezident və ixtiraçıların təcrübə mübadiləsinin təmin edilməsi üçün birgə tədris proqramlarının həyata keçirilməsini nəzərdə tutur. Tibb tələbələri üçün Mərkəzi Gömrük Hospitalının bazasında tədris prosesinin təşkili həm tələbələr, həm də onlara dərs deyən əməkdaşlara yeni inkişaf imkanları yaradır və Mərkəzi Gömrük Hospitalının Azərbaycanın kliniki – tədris xəstəxanalarının sırasında özünəməxsus yer tutmasına imkan verəcək.

Səhiyyə 2022-09-26 19:19:00