×
A
A
A
Sazlamalar

İkinci Qarabağ müharibəsinin şəhidləri Azərbaycan Dövlət Teatr Muzeyində qürurla anılıb

Bakı, 26 sentyabr, AZƏRTAC

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində sentyabrın 26-da keçirilən “Ömrünü Vətənə bağışlayanlar” adlı tədbirdə İkinci Qarabağ müharibəsinin şəhidləri qürurla anılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Vətən uğrunda canlarını qurban verən, şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himni səsləndirilib.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova bildirib ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb. Tariximizə Vətən müharibəsi kimi daxil olan 44 günlük savaşda müzəffər Ordumuzun 3000–ə yaxın hərbi qulluqçusu şəhid olub, min nəfərdən artıq qazimiz isə yaralanaraq sağlamlığını itirib. İşğal altında olan torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin qanı və canı bahasına azad olunub, üçrəngli Dövlət Bayrağımız yenidən Qarabağda ucalaraq əzəmətlə dalğalanır.
Tarixi Qələbədən sonra ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş igid oğullarımıza dərin ehtiram əlaməti olaraq, Prezident İlham Əliyevin 2020–ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.
Daha sonra muzeyin əməkdaşı Əli Abuzərov erməni qəsbkarlarının tarix boyu torpaqlarımıza qarşı apardığı təcavüzkar siyasətindən və ərazi iddialarından, bu yolda törətdikləri cinayətlərdən və dövlətimizin düzgün siyasəti nəticəsində müzəffər Ordumuzun Qələbəsindən danışıb.
Tədbir çərçivəsində Vətən müharibəsində şəhid olan əsgərlərin ailə üzvləri, həmçinin ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə iştirak edən qazilər ağır, amma qürurverici 44 günlük mübarizəmiz haqqında öz xatirələrini bölüşüblər.
Sonda muzey əməkdaşları tərəfindən hazırlanan 27 Sentyabr - Anım Gününə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbirdə şəhid ailələri, II Qarabağ müharibəsinin iştirakçıları, muzey əməkdaşları, tələbələr və media nümayəndələri iştirak ediblər.

Mədəniyyət 2022-09-26 18:54:00