×
A
A
A
Sazlamalar

Anım Gününə həsr olunmuş inşa-yazı müsabiqəsi keçirilib

Bakı, 26 sentyabr, AZƏRTAC

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Qarabağ Azərbaycandır” - “İşğaldan azad olunmuş torpaqlarımız” mövzusunda Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında inşa-yazı müsabiqəsi keçirilib.
Binəqədi Gənclər Evindən AZƏRTAC-a bildiriblər ki, müsabiqənin keçirilməsində əsas məqsəd 27 Sentyabr – Anım Gününün qeyd edilməsi, Qarabağ döyüşlərində qəhrəmanlıq göstərmiş vətən oğullarının tanıdılması, böyüməkdə olan gənc nəslin doğma vətənə sevgi, məhəbbət hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ olunması, Ordumuzun möhtəşəm Qələbəsinin əks etdirilməsi, işğaldan azad olmuş şəhər və qəsəbələrimizin yeniyetmə və gənclərimiz tərəfindən tanınması, yeniyetmə və gənclərimizdə mübarizə və qələbə əzminin yüksəldilməsi, vətənin hər bir qarış torpağının bizim üçün əziz olmasının aşılanması, istedadlı şagirdlərin inşa-yazı sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmək üçün şəraitin yaradılmasıdır.
Müsabiqənin mükafatlandırma mərasimində Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev və Binəqədi Gənclər Evinin direktoru Günel Həsənova iştirak ediblər.
Müsabiqədə 102 nömrəli tam orta məktəbdən Esma Abdullayeva I yeri, 143 nömrəli tam orta məktəbdən Turac Əlizadə II yeri, 299 nömrəli məktəb-liseydən Gülər Zərbəliyeva III yeri tutublar.
İştirakçılara müvafiq dərəcəli diplomlar, fərqlənmə və təşəkkürnamələr verilib.
Qeyd olunub ki, müsabiqənin qalibləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Bakı şəhəri üzrə keçiriləcək inşa-yazı müsabiqəsində Binəqədi rayonunu təmsil edəcəklər.

 

Cəmiyyət 2022-09-26 18:28:00