×
A
A
A
Sazlamalar

Tamam Cəfərova: Xalq olaraq gücümüzün mənbəyi olan milli birlik dövlətin siyasi dəyəridir

Bakı, 26 sentyabr, AZƏRTAC

Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdi, ölkəmizin ərazi bütövlüyü və tarixi ədalət bərpa olundu. Zəfərimizlə Azərbaycanın dövlətçilik, hərbi-siyasi, müstəqillik tarixinə yeni qəhrəmanlıq salnaməsi yazıldı. Azərbaycan xalqı öz Prezidenti və Ordusu ilə birlikdə “dəmir yumruq” olub düşmənin başını əzdi. Xalqın güc və birlik rəmzinə çevrilmiş “dəmir yumruq” öz gücünü və şücaətini bütün dünyaya göstərdi. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirdilər. Xalq olaraq gücümüzün mənbəyi olan milli birlik dövlətin siyasi dəyəridir.
Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezident İlham Əliyevə xalqın etibarı və ehtiramı sonsuzdur. Bu möhtəşəm Qələbə dövlətimizin başçısının “Qarabağ Azərbaycandır və nida” əminliyinin məntiqi nəticəsidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova söyləyib.
O bildirib ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq ölkəmizdə 27 Sentyabr – Anım Günü kimi qeyd olunur. Hərbçilərimizin qəhrəmanlığı, şəhidlərimizin canı, qazilərimizin sağlamlığı bahasına qazanılmış bu Qələbə nəticəsində dövlətçilik, hərbi-siyasi tariximizin yeni bir mərhələsi başlanıb. Azərbaycanın tarixi torpaqlarını düşmən işğalından azad etməsi haqqın və ədalətin bərpa olunması zərurətindən doğan tarixi qərar idi.
T.Cəfərova diqqətə çatdırıb ki, ötən 200 illik tarixi dövrdə Azərbaycan xalqı müxtəlif vaxtlarda erməni təcavüzkarlarının, vandallarının etnik təmizləmə siyasətinə məruz qalıb. Əzəli Azərbaycan torpağı olan Qarabağa ermənilərin çar Rusiyası zamanı köçürüldüyü dövrdən etibarən xalqımıza qarşı başlamış düşmənçilik siyasəti bu günə qədər davam edir. Ermənilər məskunlaşdıqları dövrdən etibarən Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış və əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırıblar. Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edərək erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetiriblər. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalıb. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalıb, yaşadıqları yerlərdən qovulublar. Erməni vandalları insanlarımıza işgəncələr veriblər, yaşayış məntəqələrimizi dağıdıblar.
Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması prosesinin sovet dövründə də davam etdirildiyini vurğulayan T.Cəfərova xatırladıb ki, 1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 minə yaxın azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilib. 1988-ci ildə daha 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovulub. Həmin ildən başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnib.
“1988-1994-cü illər ərzində xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20 faizini işğal etdilər və bu işğal 30 ilə yaxın davam etdi. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmış, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olub. Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salıb, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv edib, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurub.
Azərbaycan 2016-cı ilin aprel ayında Lələtəpə və 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı bu işğalla barışmayacağını nümayiş etdirib. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmamış, Azərbaycana qarşı diversiyaları davam etdirmiş, erməni siyasətçiləri aşağılayacı və təxribatçı bəyanatlar vermişlər. Nəhayət, 2020-ci il sentyabrın 27-də Ermənistan tərəfindən törədilən növbəti hərbi təxribatı dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev bütün cəbhəboyu əks-hücuma keçmək əmrini verdi. Qırx dörd günlük müharibədə Ordumuzun qəhrəmanlığı, Müzəffər Ali Baş Komandanın qətiyyəti nəticəsində ermənilərin və havadarlarının bölgədəki siyasəti iflasa uğradı. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq, Azərbaycan Qələbə qazandı və ölkəmizin ərazi bütövlüyü, tarixi ədalət, beynəlxalq hüquq bərpa olundu”, - deyə deputat qeyd edib.
T.Cəfərova ərazilərimizin işğaldan azad olunmasına görə bu gün yaşadığımız qürur və fəxarət hissini Vətən uğrunda canlarından keçən şəhidlərimizə, sağlamlığını fəda edən qazilərimizə, qəhrəman hərbçilərimizə borclu olduğumuzu diqqətə çatdırıb. “Xalqımız və dövlətimiz mübariz oğul və qızlarımızın şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Bu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə vəfa borcumuzdur”, - deyən deputat bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyib.

Siyasət 2022-09-26 18:19:00