×
A
A
A
Sazlamalar

Anım Günü Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə ən yüksək ehtiramın göstəricisidir

Bakı, 26 sentyabr, AZƏRTAC

Vətənpərvərlik insanın ən müqəddəs və qürurverici cəhətlərindən biridir. Çünki Vətən insanın doğulub boya-başa çatdığı, uşaqlığının keçdiyi, ağrı-acısını, xoşbəxtliyini yaşadığı yerdir. Vətən torpaq, ev, yurd deməkdir. Buna görə də ölkəmiz, Vətənimiz bizim üçün müqəddəsdir, doğmadır. Azərbaycan xalqı Vətəninə olan məhəbbətini, onun uğrunda canından belə keçmək əzmini Vətən müharibəsində də nümayiş etdirdi. İkinci Qarabağ müharibəsi Azərbaycan gəncliyinin yüksək vətənpərvərlik ruhunda yetişməsinin əyani təsdiqi kimi xalqımızın tarixinə qızıl hərflərlə yazıldı. Müqəddəs haqq savaşında – Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan vətəndaşlarımız, bütövlükdə xalqımız sarsılmaz əzm və iradə göstərərək, dəmir yumruq kimi birləşərək Vətən müharibəsində tarixi Zəfəri təmin etdilər. Bu şanlı Qələbəyə gedən yolda canından keçərək əsl qəhrəmanlıq nümunəsi sərgiləyən Vətən övladlarının xatirəsinin yad olunması üçün Prezident İlham Əliyevin Sərəncamı ilə sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi təsis olunub. Bu gün müqəddəs Vətənimiz uğrunda canından keçən hər bir azərbaycanlının xatirəsinə ən yüksək ehtiramın göstəricisidir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Solmaz Mustafayevanın “Anım Günü Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə ən yüksək ehtiramın göstəricisidir” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.
Azərbaycan 30 ilə yaxın müddətdə ərazisinin 20 faizini işğal altında saxlayan Ermənistanla danışıqlar apararaq münaqişəni sülh yolu ilə nizamlamağa çalışsa da, danışıqlar heç bir nəticə vermədi. Əksinə, aydın şəkildə müşahidə edilirdi ki, Ermənistan tərəfi, sadəcə olaraq, vaxt qazanmaqla status-kvonu möhkəmləndirməyə, əbədi etməyə çalışır. Azərbaycan isə işğalla barışa bilməzdi və barışmadı.
Azərbaycanın müstəqilliyinin əvvəlində bütün sahələrdə tənəzzülün baş verdiyi bir dövrdə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev ölkəmizin hərtərəfli inkişafı, siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi üçün böyük uzaqgörənliliklə radikal islahatlar həyata keçirdi, gənc respublikanı dinamik inkişaf yoluna çıxardı. Bu yolu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin ərazi bütövlüyünün bərpası üçün ilk növbədə, iqtisadi gücün vacibliyini bəyan etdi. Düzgün strategiya və düşünülmüş məqsədyönlü siyasət nəticəsində Azərbaycan siyasi, iqtisadi, hərbi qüdrətini gündən-günə artırmaqla müstəqilliyini daha da möhkəmləndirdi. Nəticədə Azərbaycan qısa müddətdə regionun lider dövlətinə çevrildi. Ölkənin iqtisadi cəhətdən yüksəlişi ordu quruculuğu işinə öz təsirini göstərdi. Azərbaycan Ordusunun arsenalı ən müasir silah-sursat, hərbi texnika ilə gücləndirildi, hərbçilərin bilik və bacarıqlarının, peşəkarlıqlarının artırılması, sosial müdafiəsinin, iş şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı. Azərbaycanın müdafiə sənayesi inkişaf etdirildi, ordunun daxili tələbatının böyük hissəsi daxili istehsal hesabına təmin olundu. Azərbaycan 1000-dən çox adda hərbi təyinatlı məhsullar istehsal etməyə başladı və ən müasir silahların ixracatçısına çevrildi. Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyəti Azadlıq meydanında dəfələrlə keçirilmiş hərbi paradlarda bütün dünyaya nümayiş etdirildi. Ən əsası Azərbaycan xalqı ötən 30 illik dövr ərzində işğalla barışa bilməyəcəyini və ərazi bütövlüyünü bərpa etmək əzmini dəfələrlə göstərdi. Prezident İlham Əliyevin rəhbərliyi dövründə yetişən, formalaşan vətənpərvər gənclər Vətəni qorumaq üçün hər cür fədakarlığa hazır olduqlarını dönə-dönə sübut etdilər.
2020-ci il sentyabrın 27-də cəbhəboyu zonada genişmiqyaslı təxribat törədərək Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutan Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ordumuz sürətli əks-hücum əməliyyatına başladı. Cəmi 44 gün davam edən Vətən müharibəsi nəticəsində oktyabrın 4-də Cəbrayıl, 17-də Füzuli, 20-də Zəngilan, 25-də Qubadlı, noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edildi. Şuşanın azad edilməsi ilə Ermənistan ordusunun döyüş qabiliyyəti tamamilə çökdü. Şuşa işğaldan azad olunandan bir gün sonra qəhrəman Azərbaycan Ordusu daha 70-dən çox yaşayış məntəqəsini işğalçılardan azad etdi və əslində, bu, düşmənə vurulan son zərbə idi. Artıq düşmənin kapitulyasiya aktına imza atmaqdan başqa çıxış yolu qalmadı. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin düşmənin tam məğlubiyyətinin ifadəsi olan üçtərəfli Bəyanat imzaladılar. Bəyanata əsasən, noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan, heç bir şəhid verilmədən azad edildi.
Prezident İlham Əliyev həmin gün xalqa müraciətində milli şüara çevrilmiş “Qarabağ Azərbaycandır və nida” ifadəsinin artıq bütün Qarabağı əhatə etdiyini və Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulduğunu elan etdi. Bununla da Azərbaycan Ordusunun 44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da tarixi Qələbəmizlə başa çatdı. Beləliklə, xalqımızın 30 il davam edən torpaq həsrətinə son qoyuldu, ədalət bərpa olundu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev qalib sərkərdə, Azərbaycan Silahlı Qüvvələri güclü ordu, xalqımız isə böyük, məğrur, yenilməz olduğunu bir daha təsdiqlədi.
Şübhəsiz ki, Prezident İlham Əliyev ölkəmizə rəhbərliyi dövründə Azərbaycanı bu Qələbəyə addım-addım yaxınlaşdırıb. Münaqişənin davam etdiyi illərdə dövlətimizin başçısı çox böyük uzaqgörənlik və təmkinlə həm diplomatik sahədə, həm də ordu quruculuğu işində təxirəsalınmaz tədbirlər reallaşdırırdı. İştirakçısı olduğu ən yüksək beynəlxalq tədbirlərin tribunalarından Qarabağ həqiqətlərini dünyaya bəyan edir, aparıcı dövlətlərin rəhbərlərinin diqqətini bu bölgənin ölkəmizin əzəli torpağı olduğuna və işğaldan azad edilməsinin labüdlüyünə yönəldirdi. Eyni zamanda, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi, ən müasir hərbi texnika ilə təchizatının təmin edilməsi üçün qətiyyətli addımlar atıldı. Müharibənin davam etdiyi günlərdə dövlətimizin başçısı xarici ölkələrin nüfuzlu kütləvi informasiya vasitələrinə verdiyi müsahibələri ilə də respublikamızın haqq səsini dünya ictimaiyyətinə tutarlı arqumentlərlə çatdırdı, həmçinin Azərbaycanın beynəlxalq hüququn tələblərinə uyğun olaraq, öz torpaqlarında savaş apardığını sübut etməklə ermənipərəst xarici dairələrin döyüşlərin gedişinə müdaxilələrinin qarşısını böyük məharətlə aldı. Hərbi əməliyyatların aparılmasında Müzəffər Ali Baş Komandan İlham Əliyevin müntəzəm olaraq çatdırdığı qələbə xəbərləri, işğaldan azad olunan yaşayış məntəqələri, düşmənin məhv edilən canlı qüvvəsi və hərbi texnikası barədə məlumatları ölkəmizin hər bir vətəndaşında qürur, fərəh hissi doğururdu, xalqın dövlətimizin başçısına, rəşadətli Ordumuza inamını daha da gücləndirirdi.
İkinci Qarabağ müharibəsində Azərbaycanın Qələbəsində dövlətimizin başçısının da dəfələrlə vurğuladığı kimi, birlik və vətənpərvərliyimiz önəmli rol oynadı. Başqa sözlə, Xalq–Prezident–Ordu vəhdəti ərazi bütövlüyümüzün bərpasında, torpaqlarımızın işğaldan azad edilməsində həlledici rol oynadı.
Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla alması, düşmənə sarsıdıcı zərbələr endirməklə cəbhədə qazandığı qələbələr Azərbaycan xalqı tərəfindən böyük sevinc hissi və ruh yüksəkliyi ilə qarşılanırdı. Azərbaycan vətəndaşları, xaricdə yaşayan azərbaycanlılar, eləcə də Türkiyə vətəndaşları bu nailiyyətlərə görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə çoxsaylı təbrik və minnətdarlıq məktubları göndərirdilər. İşğalçı Ermənistana qarşı döyüşmək üçün əmr gözləyən minlərlə Türkiyə vətəndaşı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə məktub göndərib, qardaş ölkənin işğalçılardan azad olunması üçün daim hazır olduqlarını bildirirdilər. Həmçinin sentyabrın 27-dən etibarən paytaxtın küçələrində, yaşayış binalarının eyvanlarında, mağaza və digər obyektlərin fasadlarında üçrəngli Azərbaycan Bayrağı dalğalanırdı.
Qırx dörd günlük Vətən müharibəsi əsl vətənpərvərlik bayramına çevrildi. Ölkəmizin sosial-iqtisadi cəhətdən davamlı və dinamik inkişafı, regionda aparıcı dövlətə çevrilməsi, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Vətənimizin tərəqqisi, dövlətimizin beynəlxalq aləmdə nüfuzunun durmadan yüksəldilməsi, doğma Qarabağın işğaldan azad olunması yolunda fəaliyyətləri hər bir vətəndaşımız, yetişməkdə olan gəncimiz üçün böyük vətənpərvərlik nümunəsi, məktəbidir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş rayonlara səfərləri, möhtəşəm Xudafərin körpüsü üzərində, Qarabağda üçrəngli Azərbaycan Bayrağını ucaltması, eləcə də Ağdam şəhərində Cümə məscidini ziyarət etmələri, Prezidentin Kəbədən gətirdiyi “Qurani-Kərim”i məscidə bağışlaması hər bir azərbaycanlının iftixar etdiyi əsl vətəndaşlıq, vətənpərvərlik örnəyidir.
Azərbaycan xalqının çağdaş tarixinə qeyrət, hünər, şərəf səhifəsi kimi yazılan 44 günlük Vətən müharibəsi 30 ildən bəri yaşadığımız yurd itkisinə son qoymaqla hamımıza sonsuz sevinc, ölkəmizə ümummilli təntənə bəxş etdi. Dəmir yumruğa çevrilmiş nəhəng güc hesabına qazandığımız bu misilsiz Qələbə əvvəlki faciələrimizin ağrı-acılarını ovutmaqla yanaşı, məhv edilən düşmənin min bir vəhşiliklə göstərdiyi azğın müqavimət xalqımıza yeni itkilər, kədər, hüzn də yaşatdı. Qarabağ Zəfərinə aparan yolda Azərbaycan düşməni ağır məğlubiyyətə uğradarkən yeni şəhidlər də verdi, xəsarət alanlar da oldu.
Vətən müharibəsində Zəfərimizin, xalqımıza misilsiz faciələr yaşatmış düşmənin darmadağın edilməsinin böyüklüyü və əzəməti ondadır ki, qazanılan bu Qələbə ilə şəhidlərimizin qisası alındı.
Bu müharibənin milli dövlətçilik tariximizdəki müstəsna rolu nəzərə alınaraq və Vətən müharibəsində qəhrəmancasına döyüşən, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-sinin Anım Günü kimi qeyd olunması qərara alındı. Xalqımız artıq ikinci dəfə Vətən uğrunda canından keçən qəhrəman şəhidlərinin xatirəsini anmağa hazırlaşır. Bu ehtiram bir daha sübut edir ki, xalqımız yaşadıqca şəhidlərimizin də xatirəsi əbədi yaşayacaq.

Cəmiyyət 2022-09-26 18:05:00