×
A
A
A
Sazlamalar

Mütəxəssis: COVID-19 pandemiyası dövründə göz gigiyenasına xüsusi diqqət yetirilməlidir

Bakı, 26 sentyabr, AZƏRTAC

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq İmran Cərullazadə koronavirus infeksiyasının gözə təsiri, göz əməliyyatları keçirən şəxslərdə COVID-19-un yarada biləcəyi fəsadlar, yarana biləcək problemlərin qarşısının alınmasında eynək və optik linzaların effektivliyi, gözləri koronavirusdan qorumağın yolları ilə bağlı sualları cavablandırıb. AZƏRTAC həmin müsahibəni təqdim edir.

- İmran müəllim, koronavirus gözə necə təsir edir? Bu, hansı əlamətlərlə özünü büruzə verə bilər?
- Bildiyiniz kimi, yeni virusun təhlükəsi barədə ilk məlumatı epidemiya başlamamışdan əvvəl Çinin Uhan şəhərindən olan oftalmoloq Li Venlianq verib. İddia olunur ki, o, virusa asimptomatik qlaukoma olan bir xəstədən yoluxub.
COVID-19 insanın bütün orqanlarına, həmçinin gözlərə də təsir edir. 20 faiz hallarda gözdə qaşınma ilə ağrı və işığa həssaslıq pasiyentlərdə koronavirusun yeganə əlamətləri ola bilər. Statistikaya görə, COVID-19-la əlaqədar Reanimasiya şöbələrində yatan pasiyentlərin təxminən üçdəbirində göz patologiyaları müşahidə edilir. Onların arasında konyunktivit, gözdə hiperemiya və hemoz daha çox rast gəlinirdi.
Müşahidələr göstərib ki, COVID-19 keçirmiş xəstələr 1-3 ay sonra oftalmoloqa müraciət etdikləri zaman xəstəlikdən sonra yaranan və uzun müddət davam edən gözdə quruluq, yandırma, göz qapaqlarının qızarmasından şikayət edirlər.
Eyni zamanda, bərpa dövrünə diqqət yetirməyən pasiyentlərdə görmənin zəifləməsi müşahidə oluna bilər. Buna səbəb göz sinirlərinin atrofiyası, görmə sahəsinin daralması və ən son halda tam korluğa gətirib çıxaran gözün torlu qişasının trombozudur.
- Müxtəlif göz əməliyyatları keçirmiş şəxslərdə COVID-19 virusu hansı fəsadları yarada bilər?
- Koronavirusun sürətlə yayıldığı dövrdə cərrahi əməliyyatların aparılması virusun yayılma riskini dəfələrlə artırırdı. Bu səbəbdən pandemiya zamanı istənilən əməliyyatlar, o cümlədən göz əməliyyatı, xüsusi sanitar qaydalara riayət edilməklə aparılmalıdır.
Oftalmoloji əməliyyat keçirmiş insanlarda COVID-19-un daha çox fəsad və ağırlaşma törətdiyi barədə heç bir tədqiqat yoxdur. Lakin pasiyent əməliyyatdan sonra bərpa dövründə COVID-19-a yoluxubsa, xəstəlik müddəti oftalmoloq nəzarəti də olmalıdır, çünki COVID-19 əlamətləri əməliyyatın nəticəsinə mənfi təsir göstərə bilər.
- Araşdırmalar gözlərin COVID-19-a yüksək həssaslığını təsdiqlədi. Xəstəliyin qarşısının alınmasında eynək və optik linzalar nə dərəcədə effektivdir?
- Qoruyucu eynəklərin və tam üz qoruyucu plastik maskaların effektivliyini yoxlamaq üçün ABŞ, Böyük Britaniya, Hindistan və Kolumbiyada tədqiqat aparılıb.
Tədqiqatlarda 7 min 567 məhz yüksək risk qrupuna daxil olan tibb işçisi iştirak edib. Nəticələr qoruyucu vasitələrin effektivliyini təsdiqlədi: SARS-CoV-2 xəstələnmənin səviyyəsi 96 faizdən 40 faizə qədər azaldı.
Kontakt linzalara gəlincə isə əksinə, pandemiya dövründə onlardan imtina etmək tövsiyə olunur. Düzdür, kontakt linzaların taxılması viruslara yoluxma ilə birbaşa əlaqəli deyil. Bununla belə, linzaları olan xəstələr gözlərinə daha tez-tez toxunur, bu da infeksiya riskini əhəmiyyətli dərəcədə artırır.
- Gözlərimizi koronavirusdan necə qoruyaq?
- COVID-19 pandemiyası dövründə göz gigiyenasına xüsusi diqqət yetirilməlidir. İnfeksiyanın qarşısını almaq üçün əllərinizi tez-tez yuyun, şəxsi gigiyena qaydalarına əməl edin, mümkün olduğu qədər əlinizlə gözlərinizə, burnunuza və ağzınıza toxunmayın.
Bundan əlavə, şəxsi gigiyena qaydalarına əməl etməyənlərlə təması məhdudlaşdırmaq, xəstəliyin ilk əlamətləri aşkar edildikdə dərhal həkimə müraciət etmək məsləhətdir.
Əgər yoluxmuş şəxslə təmasda olmaq məcburiyyətindəsinizsə, o zaman xüsusi qoruyucu eynəklərə üstünlük verilməlidir. Ümumiyyətlə, eynək yalnız günəşli havalarda deyil, soyuq havalarda da istifadə edilməlidir.

 

Səhiyyə 2022-09-26 17:55:00