×
A
A
A
Sazlamalar

Deputat: Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir

Bakı, 26 sentyabr, AZƏRTAC

2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Ordumuzun rəşadəti, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu. Azərbaycan Ordusu şəhidlərin qanını yerdə qoymadı. Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. 27 Sentyabr - Anım Günündə də bütün xalıqımız şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla yad edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, münaqişənin nizamlanması üçün 1992-ci ildə təsis olunmuş ATƏT-in Minsk qrupu fəaliyyəti dövründə problemin həllinə yox, dondurulmasına çalışıb və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalıb. Minsk qrupu həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslədi, münaqişənin həlli ilə bağlı qəbul olunmuş beynəlxalq qətnamələr kağız üzərində qaldı. Məsuliyyətli ölkə olaraq Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirərək münaqişənin danışıqlar yolu ilə həllinə çalışmışdı. Bu dövrdə dünyanın mötəbər beynəlxalq təşkilatı olan BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirdi, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətləndi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qaldı. Beynəlxalq birlik bu sənədlərin icra olunması üçün Ermənistana heç bir təzyiq göstərmədi.
Bu illər ərzində Ermənistanın işğalçılıq siyasətini davam etdirdiyini, ərazilərimizdə təxribatlar törətdiyini, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açaraq onların rahat yaşamasına imkan vermədiyini diqqətə çatdıran deputat deyib: “2016-cı il Aprel və 2020-ci il Tovuz döyüşləri zamanı Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr vuraraq ona öz gücünü göstərmişdi. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmamış, Azərbaycana qarşı diversiyaları davam etdirmiş, erməni siyasətçiləri təhqiramiz və təxribatçı bəyanatlar vermişdilər. 2020-ci il sentyabrın 27-də Ermənistan tərəfindən növbəti hərbi təxribat törədildi, Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə tutuldu. Nəticədə hərbi qulluqçularla yanaşı, Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak oldu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhəboyu əks-hücuma keçmək əmri verdi. Qırx dörd gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdi. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə Bəyanat imzaladı. Bu, əslində, Ermənistanın kapitulyasiyası idi”.
Xalqımızın torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizi böyük ehtiramla andığını söyləyən S.Fətəliyeva qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz şərəfli missiyasını uğurla davam etdirir. Məhz bu uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.
S.Fətəliyeva vurğulayıb ki, milli həmrəyliyin, peşəkar rəhbərliyin, effektiv hərbi strategiyanın və Ordumuzun gücü düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında Zəfər çaldı. Bu Zəfər sayəsində “Ermənistanın güclü ordusu var”, “erməni xalqı döyüşkən xalqdır”, “Azərbaycan xalqı döyüşə bilmir” kimi miflərə birdəfəlik son qoyuldu.
“Müharibədə Qələbə qazanan Azərbaycan regionda yeni reallıqlar yaradıb. Azərbaycan dövləti, Prezident İlham Əliyev regionun inkişafı ilə bağlı önəmli təşəbbüslərlə çıxış edib. Əgər Ermənistan bu təşəbbüslərə qoşularsa, inkişaf edə bilər. Əks halda, bu ölkənin heç bir perspektivi yoxdur. Ermənistan revanşist əməllərə əl atmağa cəhd göstərərsə, bilməlidir ki, dəmir yumruq yerindədir. 12-13 sentyabr hadisələri bu faktı bir daha təsdiqlədi. Belə cəhdlər onun sonu ola bilər. Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezident İlham Əliyevə xalqın etibarı və ehtiramı sonsuzdur. Azad edilmiş ərazilərə səfərləri ilə dövlətimizin başçısı öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirir”, - deyə Sevinc Fətəliyeva vurğulayıb.

Siyasət 2022-09-26 17:54:00