×
A
A
A
Sazlamalar

Anım Günü - şəhidlərimizin xatirəsinə dərin ehtiram

Bakı, 26 sentyabr, AZƏRTAC

Xarici havadarlarından dəstək alan erməni qəsbkarlar 1988-1994-cü illərdə Azərbaycan ərazisinin beşdəbir hissəsini işğal etmiş, evləri dağıtmış, dinc insanları amansızcasına qətlə yetirmiş, bir milyondan çox əhalini doğma yurd-yuvasından didərgin salmışlar.
Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində Xocalı soyqırımı xüsusi qəddarlığı ilə seçilir. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı həyata keçirmişdir.
Ermənistanın 30 il ərzində işğal altında saxladığı Azərbaycan əraziləri acınacaqlı vəziyyətə salınmış, şəhər və kəndlərimiz dağıdılmış, tarixi və mədəniyyət abidələrimiz, məscidlərimiz tamamilə məhv edilmişdir. Ölkəmizin iqtisadiyyatına ağır zərbələr vurulmuşdur.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Bakı İnzibati Məhkəməsinin hakimi Günel Sevdimalıyevanın 27 Sentyabr - Anım Günü ilə bağlı məqaləsində yer alıb. Müəllif yazır: “Ermənistan bu illər ərzində işğal siyasətini davam etdirmiş, ərazilərimizdə təxribatlar törətmiş, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açmış, onların rahat yaşamasına imkan verməmişdir. Erməni siyasətçilər xalqımıza qarşı aşağılayıcı və təxribatçı bəyanatlarla çıxışlar etmişlər.
Ermənistan silahlı qüvvələri 2020-ci il sentyabrın 27-də növbəti hərbi təxribat törədərək Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə cəbhəboyu intensiv zərbələr endirməklə yanaşı, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini artilleriya atəşinə tutdu və Azərbaycan növbəti təcavüzə məruz qaldı. Nəticədə hərbi qulluqçularla yanaşı, Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak oldu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq üçün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhəboyu əks-hücuma keçmək əmri verdi, Vətən müharibəsi başladı.
Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd - Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik işğaldan azad olundu.
Müxtəlif təzyiq və təhdidlərə rəğmən Azərbaycan haqq savaşında Zəfər çaldı. Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Milli həmrəyliyin, peşəkar rəhbərliyin, səmərəli hərbi strategiyanın və Ordumuzun gücü düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi.
2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Bununla da Ağdam rayonunun işğal altındakı 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri, Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsi işğaldan azad edildi.
Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmənin ordusunu məhv edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.
2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli Bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı.
Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı 2020-ci dekabrın 2-də Sərəncam imzaladı.
İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunub. Xalqımız Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 Sentyabr - Anım Gününü fəxarətlə qeyd edir.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, eləcə də qazilərimizin müalicəsini və sağlamlığının bərpasını diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısı Vətən müharibəsinin başa çatması ilə bağlı xalqa müraciətində bu barədə deyib: “Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torpaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik… Biz bu Qələbəyə görə onlara borcluyuq”.
Birinci vitse-prezident Mehriban xanım Əliyeva da şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsinə, şəhid ailələrinin, qazilərin hərtərəfli qayğı ilə əhatə olunmasına xüsusi diqqət yetirir, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirir. Mehriban xanım Əliyeva şəhidlərimizə hörmət və ehtiramını belə ifadə edib: “Azərbaycan xalqının igid oğulları Zəfər naminə, Azərbaycanın gələcəyi naminə canlarından keçib. Onların hər biri əsl qəhrəman, rəşadət və qorxmazlıq nümunəsidir... Şəhidlərimizin qanı nahaq yerə tökülmədi – biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu. Hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq. Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq. Onlar bizim qəlbimizdə daim yaşayacaq”.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində olan məsələlərdəndir. Bu vəzifənin icrası ilə əlaqədar dövlətimizin başçısı 2021-ci il yanvarın 25-də Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin olunması üçün tədbirlər planının təsdiq edilib həyata keçirilməsi aidiyyəti üzrə tapşırılmışdır. Mənzil təminatından əlavə, şəhid ailələrinin üzvlərinin və müharibə ilə əlaqədar əlillik təyin edilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində intensiv tədbirlər görülür.
Bu gün Azərbaycan qalib dövlət kimi yaşayır və bundan sonra da müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaqdır.
Torpaq, uğrunda ölən varsa, Vətəndir! Vətən sağ olsun!”

Cəmiyyət 2022-09-26 17:30:00