×
A
A
A
Sazlamalar

“ASAN xidmət”in nümayəndə heyəti beynəlxalq forumda

Bakı, 26 sentyabr, AZƏRTAC

Rusiya Federasiyasının Nijni Novqorod şəhərində “Rusiya və Azərbaycanın II Gənclər Təşəbbüsləri Forumu” keçirilib. Məqsəd gənclər siyasəti sahəsində beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, iki ölkə arasında humanitar sahədə əməkdaşlıq üçün effektiv mexanizmlərin təqdimatı və həyata keçirilməsi olub.
Foruma ölkəmizdən digər dövlət qurumları ilə yanaşı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və gənclər təşkilatlarının nümayəndələrindən ibarət rəsmi heyət qatılıb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, plenar iclasda spiker qismində Azərbaycanın gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resurslarının idarəedilməsi şöbəsinin müdir müavini Fərid Sadıxlı və digər rəsmi şəxslər çıxış ediblər.
Nümayəndə heyəti ölkəmizdə aparılan gənclər siyasətinin əhəmiyyətindən, gənclərə yönəlik strateji islahatların müsbət nəticələrindən, həmçinin dövlət qurumlarında həyata keçirilən könüllülük institutunun mexanizmləri və töhfələri haqqında söz açıb. Ölkəmizdə könüllülük fəaliyyətinin geniş hərəkata çevrilməsinə vəsilə olan ASAN könüllülərinin fəaliyyətindən, onların prinsipləri, həyata keçirilən yerli və beynəlxalq layihələr, könüllülük fəaliyyətinin dəyərləri haqqında tədbir iştirakçılarına məlumat verilib.
Bu, Rusiya və Azərbaycanda gənclərin təşəbbüslərinin inkişafına həsr olunmuş ikinci forumdur. Birinci forum 2022-ci ilin mart ayında Qusarda keçirilib.

 

Sosial 2022-09-26 17:27:00