×
A
A
A
Sazlamalar

Anım Günü ilə əlaqədar Niderlandda şəhidlərimizin xatirəsi yad edilib

Rotterdam, 26 sentyabr, AZƏRTAC

Niderlandın Rotterdam şəhərində şəhidlərimizin xatirəsi yad edilib. Bu ölkədə fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresi (BAK) şəhidlərimizin Anım Gününə həsr olunmuş “Şəhidlər ölməz- Vətən bölünməz!” adlı anım mərasimi təşkil edib.
AZƏRTAC xəbər verir ki, “Qarabağ” idman klubunun Rotterdamdakı ofisində keçirilmiş anım mərasiminə Niderlandda yaşayan Azərbaycan, eləcə də türk icma və dərnəklərinin nümayəndələri qatılıblar.
Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Dövlət Himni səsləndirilib.
Mərasimdə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun sayəsində torpaqlarımızın işğaldan qurtulduğu 44 günlük Vətən müharibəsinə həsr edilən film nümayiş olunub. Şəhidlərimizin şücaətindən qəhərlənmiş mərasim iştirakçıları torpaqlarımız uğrunda canlarından keçmiş Azərbaycan oğullarının xatirəsini ehtiramla yad edərək, onların ruhlarına dualar oxuyublar.
Azərbaycan Niderland “Odlar Yurdu” Cəmiyyətinin üzvləri, “Hollanda Batı Trakya Türk Kültür və Dayanışma Dərnəyi”nin rəhbəri İbrahim Paşalı, Niderland Azərbaycan-Türk Kültür Dərnəyinin nümayəndələri çıxış edərək, şəhidlərimizin qəhrəmanlığından danışıb və onların ölmədiyini, hər bir azərbaycanlının qəlbində daim yaşayacağını vurğulayıblar.
Sonda ehsan süfrəsi açılıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Rotterdam

Cəmiyyət 2022-09-26 17:23:00