×
A
A
A
Sazlamalar

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Qəbələ, 26 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

27 Sentyabr – Anım Günü ilə əlaqədar sentyabrın 26-da Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində tədbir keçirilib.
Mərkəzdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbir ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev açaraq, 44 gün davam edən Vətən müharibəsinin müzəffər Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatmasının tariximizin ən unudulmaz hadisələrindən biri olduğunu vurğulayıb.
Mərkəzin Mülki Müdafiə Qərargahının rəisi İlham Əfəndiyev çıxışında iştirakçısı olduğu döyüşlərdən, şəhid olmuş döyüş yoldaşlarının qəhrəmanlığından bəhs edib. Bildirilib ki, Ermənistan 30 ildən artıq bir müddətdə doğma Qarabağımızda işğalçılıq siyasətini davam etdirib, ərazilərimizdə təxribatlar törədib, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açaraq onların rahat yaşamasına imkan verməyib. Vurğulanıb ki, 44 günlük Vətən müharibəsi gənclərimizin necə vətənpərvər olduqlarını bir daha sübut edib.
Tədbirdə Mərkəzin kompüter operatoru ixtisası üzrə təhsil alan tələbəsi, şəhid Anar Əliyevin xanımı Günel Əliyeva çıxışında həyat yoldaşının döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan bəhs edib, oğulları Məhəmmədi şəhidin adına, Vətəninə layiq övlad kimi yetişdirəcəyinə söz verib.
Çıxış edənlər Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin tarixi əhəmiyyətindən söz açıb, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə canlarını qurban verən şəhidlərin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağını, heç zaman yaddaşlardan silinməyəcəyini vurğulayıblar.
Tədbirin sonunda “Müzəffər əsgərimiz” adlı film nümayiş olunub.

Regionlar 2022-09-26 16:40:00