×
A
A
A
Sazlamalar

Naxçıvan Dövlət Universitetində 80 ixtisas üzrə magistr hazırlığı həyata keçirilir

Naxçıvan, 26 sentyabr, AZƏRTAC

Naxçıvan Dövlət Universitetində I kurs magistrantlarla görüş olub.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ali təhsil ocağında keçirilən görüşdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra universitetin tanıtım videosu nümayiş olunub.
Tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev qeyd edib ki, bu il magistraturaya 250 yerə qarşı 204 magistrant qəbul olub. Hazırda magistraturada 80 ixtisas üzrə kadr hazırlığı həyata keçirildiyini vurğulayan rektor Naxçıvan Dövlət Universitetinin ölkədə bu sahə üzrə I sırada olduğunu qeyd edib.
Bildirilib ki, ali təhsil ocağında bakalavr təhsili ilə yanaşı, magistr təhsili də daim diqqətdə saxlanılır. İxtisaslı kadrların hazırlanmasında magistr pilləsinin mühüm əhəmiyyətindən danışan rektor bu gün universitetin magistraturasını bitirən məzunların muxtar respublikanın təhsil sahəsinə mühüm töhfələr verdiyini vurğulayıb. Magistr dərəcəsinə sahib olan şəxslərin ali təhsil müəssisələrində pedaqoji fəaliyyətlə yanaşı, ixtisası üzrə əmək fəaliyyəti ilə də məşğul ola biləcəklərini diqqətə çatdıran Elbrus İsayev yeni tədris ili münasibətilə magistrantları təbrik edib, onlara dərslərində uğurlar arzulayıb.
Naxçıvan Dövlət Universitetində Magistratura mərkəzinin direktoru, biologiya üzrə elmlər doktoru, professor Etibar Məmmədov qeyd edib ki, magistratura pilləsində tələbələr artıq ümumi nəzəriyyə deyil, sırf ixtisasları üzrə təhsil alaraq özlərini təkmilləşdirir, elmi məqalələr, magistr dissertasiyası yazır, elmi fəaliyyətlərinin ilk mərhələsinə qədəm qoyurlar. Magistrantlar onlar üçün yaradılan səmərəli şəraitdən bəhrələnərək respublikamızın müxtəlif ali təhsil müəssisələrində və xarici ölkələrdə keçirilən elmi konfranslarda iştirak edirlər.
2022-ci ildə ümumi orta müvəffəqiyyət göstəricisi 97,28 bal olmaqla, muxtar respublikada magistratura üzrə ən yüksək nəticəni toplayan Azərbaycan dili ixtisaslaşması üzrə I kurs magistrant Səkinə Məmmədzadə ali təhsil ocağında tələbələrə göstərilən qayğıya görə minnətdarlıq edib.
Sonda magistrantların sualları cavablandırılıb.

 

 

Regionlar 2022-09-26 16:31:00