×
A
A
A
Sazlamalar

Media Reyestrinin fəaliyyət prinsipləri istifadə rahatlığı, fasiləsizlik, operativlik və şəffaflıqdır

Bakı, 26 sentyabr, AZƏRTAC

İstifadə rahatlığı, fasiləsizlik, operativlik və şəffaflıq Media Reyestrinin fəaliyyət prinsipləridir.
AZƏRTAC xəbər verir ki, bu, “Media Reyestrinin aparılması Qaydaları”nda əksini tapıb.
Reyestr “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın 2.1-ci bəndində qeyd edilən prinsiplər nəzərə alınmaqla, aşağıdakı prinsiplər əsasında formalaşdırılır.
İstifadə rahatlığı dedikdə, Reyestrdən istifadənin və məlumat mübadiləsinin əlavə əməliyyatlar aparılmadan təmin edilməsi başa düşülür. Fasiləsizlik isə reyestrdə aparılan təşkilati, inzibati, texniki və digər dəyişikliklərdən asılı olmayaraq, fəaliyyətin fasiləsiz həyata keçirilməsini özündə ehtiva edir.
Reyestrdə məlumatların yaradılması, toplanılması, işlənilməsi, saxlanılması və axtarışı proseslərinin sürətli şəkildə həyata keçirilməsi operativliyi özündə əks etdirir.
Reyestrin fəaliyyətində aşkarlığın və hesabatlılığın təmin edilməsi, həyata keçirilən prosedurların və onların nəticələrinin izlənilməsi imkanının mövcudluğu şəffaflıq prinsipinə əsaslanır.

Cəmiyyət 2022-09-26 16:12:00