×
A
A
A
Sazlamalar

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə əməkdaşlıq edəcək

Bakı, 26 sentyabr, AZƏRTAC

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə İctimai Televiziya və Radio Yayımları Şirkəti arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənəd sosial sahədə birgə fəaliyyətin həyata keçirilməsi, qarşılıqlı təcrübə mübadiləsi məsələlərini əhatə edir. Əməkdaşlıq çərçivəsində müştərək layihələrin təşkili və icrası, şəxslərin fərdi inkişafının işıqlandırılması, motivasiya və maarifləndirici xarakterli tədbirlərin, veriliş və sosial videoçarxların çəkilərək hazırlanması nəzərdə tutulur.  Birgə fəaliyyət məsələlərinə Mərkəzdə təlim alan şəxslərin televiziyada həyata keçirilən layihələrə cəlb olunması da daxildir.

Bu barədə AZƏRTAC-a Mərkəzin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 Qeyd edək ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində şəhid ailələrinin  üzvləri, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların övladları, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, aztəminatlı ailələr və əlilliyi olan şəxslərə 14 yaradıcılıq istiqaməti üzrə təlimlər keçilir. Bunlar rəqs (milli, Latın Amerikası, bal və müasir rəqslər), təsviri incəsənət, dulusçuluq, dərzilik, modelyerlik, xalçaçılıq, toxuma və tikmə, bədii oyma, floristika, bağçılıq və landşaft dizaynı,  audio-səsyazma və media, fotoqrafiya sənəti, kulinariya, səhnə ifaçılığı, idman (kapoeyra, badminton), musiqi və publisistika istiqamətləridir. Mərkəzdə  həssas qrupdan olan şəxslərin yaradıcılıq potensialının artırılması ilə yanaşı, multidissiplinar qrup tərəfindən onlara sosial-psixoloji dəstək göstərilir. Təlim istiqamətlərinin genişləndirilməsi üçün Mərkəzdə işlər davam etdirilir.

Sosial 2022-09-26 16:06:00