×
A
A
A
Sazlamalar

ADU-da Avropa Dilləri Gününə həsr olunan tədbir keçirilib

Bakı, 26 sentyabr, AZƏRTAC

Azərbaycan Dillər Universitetində (ADU) Avropa İttifaqı və Avropa Şurasına üzv dövlətlərin 16 səfirliyi və mədəniyyət institutlarının iştirakı ilə Avropa Dilləri Gününə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla qonaqlara tədbirin əhəmiyyətindən danışıb.
“Avropa Dilləri Gününün qeyd olunması əlamətdar hadisədir. Bu, həm də mədəniyyətlər günü, ünsiyyət günü deməkdir. Tədbir iştirakçılarına, qonaqlara öz təşəkkürümü bildirirəm. Biz bu gün Avropa Dilləri Günü ilə bağlı bu dillərin möhtəşəmliyinin işığına yığışmışıq. Biz qədim İpək yolunun ortasında duran və İpək yolunu Avropaya çıxaran ölkələrdən biri kimi çıxış edirik. Azərbaycan mədəniyyəti, incəsənəti Avropa mədəniyyətinə böyük töhfələr verib. Müxtəlif dillər müxtəlif mədəniyyətlər deməkdir. Başqa sözlə, bu, müasir dillə desək, multikulturalizm deməkdir. Biz fəxr edirik ki, Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələri öz dilləri, öz mədəniyyətləri ilə Avropa gülüstanlığına öz töhfəsini verirlər”.
Tədbirdə müxtəlif ölkələrin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirləri çıxış edib, tədbirin Azərbaycan Dillər Universitetində təşkil olunmasını yüksək qiymətləndiriblər.
Daha sonra səfirlər, eyni zamanda, diplomatik korpusun nümayəndələri öz dillərində poeziya nümunələri səsləndiriblər.
Qeyd edək ki, tədbir “EUNIC Azerbaijan” tərəfindən təşkil olunub. “EUNIC Azerbaijan Cluster” 2020-ci ilin fevral ayında Avropa və Azərbaycan mədəniyyətlərini bir-birinə daha da yaxınlaşdırmaq məqsədilə yaradılıb.

Elm və təhsil 2022-09-26 15:56:00