×
A
A
A
Sazlamalar

İtaliyanın sabiq Baş naziri Silvio Berluskoni Senata daxil olmaq hüququ qazanıb

Roma, 26 sentyabr, AZƏRTAC

İtaliyanın sabiq Baş naziri və “İrəli İtaliya” Partiyasının rəhbəri Silvio Berluskoni ümumi seçkilərdə parlamentin yuxarı palatası olan Senata daxil olmaq hüququ qazanıb.
AZƏRTAC xəbər verir ki, 85 yaşlı S.Berluskoninin rəhbəri olduğu “İrəli İtaliya” Partiyası seçkilərdə Monza dairəsindən qalib gəlib və o, 9 il sonra yenidən Senatda təmsil olunacaq.
“İrəli İtaliya” Partiyası seçkilərdə səslərin 8 faizini toplayıb. S.Berluskoninin rəhbərlik etdiyi “İrəli İtaliya” Partiyası, Giorgia Meloninin rəhbərlik etdiyi ifrat sağçı “İtaliya Qardaşları” Partiyası, Matteo Salvininin rəhbəri olduğu “Liqa” Partiyası və bəzi kiçik partiyalardan ibarət sağ mərkəzçi koalisiya isə səslərin 44 faizdən çoxunu toplayaraq yeni hökuməti qurmaq hüququ əldə edib.
Xatırladaq ki, S.Berluskoni 2013-cü ildə vergidən yayındığı üçün mühakimə olunmuş və Senatdan xaric edilərək 6 il müddətinə siyasətdən uzaqlaşdırılmışdı.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

 

 

Dünya 2022-09-26 15:47:00