×
A
A
A
Sazlamalar

Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr edilən sərginin təqdimatı olub

Bakı, 26 sentyabr, AZƏRTAC
Sentyabrın 26-da Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində XIX əsr Azərbaycan romantik şeirinin görkəmli nümayəndəsi şair, rəssam Xurşidbanu Natəvanın 190 illik yubileyi münasibətilə hazırlanmış sərginin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, sərgidə şairənin həyat yolu, şəcərəsi, yaratdığı “Məclisi-üns” ədəbi məclisi və təmasda olduğu ədəbi çevrəsi haqqında müxtəlif illərə aid rəsm əsərləri, fotosənədlər, heykəltaraşlıq nümunələrinin və digər tarixi materialların təsviri yer alıb.
Muzeyin baş direktoru akademik Rafael Hüseynov tədbiri açaraq müstəqillik tariximizə əbədi yazılan 44 günlük müharibənin xalqımız üçün əhəmiyyətindən bəhs edib. O qeyd edib ki, bu gün Şuşada artıq çəkilib istifadəyə verilmiş “Zəfər Yolu” 30 ilə yaxın düşmən tapdağında qalmış torpaqlarımızın böyük əzmkarlıqla azad olunmasını təmsil edir. 2020-ci ilin noyabrından bu günədək gələn yol, əslində, hər an Zəfər yoludur. Bu Zəfər yolunda Azərbaycan yeni-yeni uğurlara imza atır.
Akademik Rafael Hüseynov Prezident İlham Əliyevin Xurşidbanu Natəvanın 190 illik yubileyinin qeyd edilməsi ilə bağlı Sərəncamına uyğun olaraq ölkənin ən müxtəlif təhsil, elm, mədəniyyət ocaqlarında silsilə tədbirlər keçirildiyini vurğulayıb.
Alim onu da qeyd edib ki, bu gün Nizami Muzeyində sərgilənən 9 lövhəlik Natəvan sərgisi şairin ildönümünün qeyd olunduğu bir çox yerlərdə nümayiş oluna, oradakı Natəvan bayramlarını rövnəqləndirə bilər.
Natəvanın zəngin yaradıcılığı, ömür yolu və şəxsiyyəti haqqında söz açan akademik bildirib ki, Mehdiqulu xanın qızı və Qarabağ xanlığının sonuncu varisi Xurşidbanu Natəvanın bədii istedada və qabaqcıl ideyalara malik söz sənətkarı kimi ədəbiyyat tariximizdə xüsusi yeri var. Qarabağ xanlığının varislərindən olub vətəni Şuşada “Xan qızı” adı ilə məşhur olan Xurşidbanu, aşiqanə-hüznlü şeirlər, təbiət təsvirləri və müasirlərinə ünvanladığı mənzumələri ilə sevilən, keşməkeşli tale yolu keçmiş qadın şairlərimizdəndir.
Sərgidə görkəmli şairin çoxşaxəli sənət irsinin, ictimai fəaliyyətinin əks olunduğunu deyən akademik qeyd edib: “Xurşidbanu Natəvan yalnız şair deyil, həm də Azərbaycan ictimai-siyasi həyatının son dərəcə əhəmiyyətli simalarından biridir. Onun Qarabağda olan fəaliyyəti yalnız bir şairin, bir zərif qadının gördüyü işlərdən ibarət olmayıb. O, ictimai-siyasi həyatın qurucusu, Qarabağın, Şuşanın gələcək inkişafı haqqında düşünən bir insan idi”.
Rafael Hüseynov Xurşidbanu Natəvanın 190 illiyi ilə bağlı Milli Azərbaycan Ədəbiyyatı Muzeyində keçirilən tədbirlər barədə məlumat verərək qeyd edib ki, yaxın günlərdə görkəmli şairə həsr olunmuş buklet çap olunacaq. “Xan qızı Natəvan və Azərbaycan qadınının ədəbi-mədəni mübarizələri” mövzusunda iyulun 5-də keçirilmiş Beynəlxalq elmi konfransın materialları hazırda nəşr edilir. Bundan əlavə, Nizami muzeyinin iştirakı ilə Özbəkistanda Xurşidbanu Natəvanın şeirləri ilk dəfə tam halda özbək dilində nəşr olunacaq.
Sonra sərgiyə baxış keçirilib.

Elm və təhsil 2022-09-26 14:20:00