×
A
A
A
Sazlamalar

Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun genişləndirilməsi layihəsinin icrasına baxış keçirilib VİDEO

Bakı, 26 sentyabr, AZƏRTAC

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 130 kilometrlik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrasına baxış keçirib.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, “Böyük İpək yolu”nun tərkib hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 130 kilometrlik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 39,8-82,2-ci kilometrlik (42,4 kilometr) Zəyəm-Qırılı hissəsində tikinti işləri artıq yekunlaşdırılıb.
Məlumata əsasən, layihənin 39,8 kilometrlik 1-ci, Gəncə-Zəyəm hissəsi üzrə tikinti işləri isə bitmək üzrədir. Sözügedən hissədə işlərin fiziki tərəqqisi 93 faizdir. Layihənin 47,95 kilometrlik 3-cü, Qırılı-Gürcüstan sərhədi hissəsinin tikintisi davam etdirilir.
Ümumilikdə layihə üzrə yolboyu 25 yol qovşağı və ötürücüsü, 17 avtomobil körpüsü, 83 yeraltı keçid, 38 düzbucaqlı su keçidi, 547 dairəvi suötürücü boru, zəruri yerlərdə 84 avtobus dayanacağı olacaq.
Tikinti işləri magistral avtomobil yolunda vətəndaşların rahat və maneəsiz hərəkəti dayandırılmadan, “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti ilə aparılır.
Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov avtomobil yoluna baxış zamanı yol infrastrukturu layihəsinin vaxtında və keyfiyyətlə yerinə yetirilib yekunlaşdırılması ilə bağlı tövsiyə və tapşırıqlarını verib.
Qeyd olunub ki, layihə tam reallaşdırıldıqdan sonra şərqdən qərbə və əks istiqamətdə “Böyük İpək yolu”nun Azərbaycandan keçən hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolu Avropa ilə Asiya arasında avtomobillə beynəlxalq və daxili yükdaşımaların artmasında önəmli rol oynayacaq.

 

Regionlar 2022-09-26 14:18:00

Video