×
A
A
A
Sazlamalar

Pakistanın “MUSLIM Institutunun” sədri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində olub

Bakı, 26 sentyabr, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Pakistanın “MUSLIM Institutunun” Azərbaycanda səfərdə olan sədri Sultan Ahmed Əlinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, görüşdə İİTKM-in departament rəhbərləri Vüsalə Cəfərova və Rəşad Hüseynov Pakistanın beyin mərkəzləri ilə regional ticarət, daşımalar və enerji sahəsində qurulan faydalı əməkdaşlıq, eləcə də ölkədə aparılan iqtisadi islahatlar barədə məlumat veriblər.
Həmçinin Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra Cənubi Qafqaz bölgəsindəki yeni əməkdaşlıq imkanları və bərpa ediləcək Zəngəzur nəqliyyat dəhlizinin regional ticarət və tranzit marşrutlarına təsiri haqqında danışılıb. Bildirilib ki, Azərbaycan ilə Pakistan da daxil olmaqla “Şərq-Qərb” nəqliyyat dəhlizi ölkələri arasında ticarət dövriyyəsinin artmasına kömək edəcək əməkdaşlıq əlaqələrinin qurulması böyük əhəmiyyətə malikdir.
“MUSLIM Institutunun” sədri Sultan Ahmed Əli isə əlavə edib ki, rəhbərlik etdiyi qurum müsəlman dünyasında sülh və sabitliyin təşviqinə həsr olunan tədqiqat institutu olaraq, iqtisadi, təhlükəsizlik, siyasi, sosial, sağlamlıq və enerji problemlərini araşdırmaq üçün tədqiqatçıları, siyasətçiləri və ziyalıları bir araya gətirir. O bildirib ki, “MUSLIM Institutu” dünyanın üzləşdiyi müasir problemlərin dinamikasını vurğulamaq üçün çoxsaylı təşəbbüslər həyata keçirir, bu problemlərin səbəblərini və nəticələrini araşdırır, eyni zamanda, həll yolları tövsiyə edir.
Müzakirələrin yekununda qonaqlara İİTKM-in fəaliyyəti barədə materiallar təqdim olunub.

 

İqtisadiyyat 2022-09-26 13:06:00