×
A
A
A
Sazlamalar

Beynəlxalq Türk Akademiyası Bursa şəhərinə tarixi-mədəni ekskursiya təşkil edib

Bursa, 26 sentyabr, AZƏRTAC

Beynəlxalq Türk Akademiyası “Türk dünyasının müqəddəs yerləri” layihəsi çərçivəsində ənənəvi beynəlxalq arxeoloji-mədəni turlar həyata keçirir. Bu turlar çərçivəsində növbəti səfər türk dünyasının 2022-ci il üçün mədəniyyət paytaxtı elan edilən Türkiyənin Bursa vilayətinə təşkil olunub.
AZƏRTAC xəbər verir ki, “Orxondan Orxan Qaziyə” mövzusunda IV Beynəlxalq arxeoloji və mədəni ekskursiyada Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Monqolustan, Tatarıstan və Başqırdıstandan nümayəndələr iştirak edirlər. Proqram çərçivəsində iştirakçılar Bursa və ətraf bölgələrin tarixi yerlərini ziyarət edirlər. Tədbir çərçivəsində 130 ilin ən böyük tarixi və arxeoloji tapıntısı sayılan “İlteriş Müqəddəs Kağan” memorial kompleksi və kitabəsinin təqdimatı da planlaşdırılır.
Tur haqqında iştirakçılara məlumat verən Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli bildirib ki, bu fəaliyyətin məqsədi türk dünyasının tarixində və mədəniyyətində böyük əhəmiyyət kəsb edən müqəddəs yerlərinin tədqiqi və təbliğinə töhfə vermək, eləcə də türk dünyası ilə bağlı müəyyən mövzularda elmi toplantılar keçirərək türkologiyanı daha dərindən araşdırmaqdır.
Bu turlardan birincisi 2015-ci ildə Rusiyanın Altay Respublikasında “Qızıl beşik Altay” mövzusunda keçirilib. Növbəti tədbir 2016-cı ildə “Tanrı dağlarından Ötükənə” mövzusunda Monqolustanda, üçüncü tur isə “Kentaydan Ulutauaya: Yenilənmə” idi. Tarixi Yaddaş” mövzusunda 2017-ci ildə Qazaxıstanda baş tutub. Növbəti belə ekskursiyanın 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olan Şuşa şəhərinə təşkili planlaşdırılır.
Tədbir çərçivəsində “İlteriş Müqəddəs Kağan” Memorial Kompleksinə həsr olunmuş fotosərgi də keçirilib.
Mərasimdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Bursa Böyükşəhər bələdiyyəsinin sədri Alinur Aktaş və digər rəsmi şəxslər iştirak ediblər.
Ekskursiya davam edir.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
Bursa

 

Mədəniyyət 2022-09-26 12:59:00