×
A
A
A
Sazlamalar

Finlandiya-Rusiya sərhədində beş kilometrlik nəqliyyat növbəsi yaranıb

Bakı, 26 sentyabr, AZƏRTAC

Bazar ertəsi səhər saatlarında Finlandiyanın Rusiya ilə sərhədində çox sayda avtomobil toplaşıb. Suomiyə daxil olmaq istəyən nəqliyyat vasitələrinin təxminən beş kilometrlik növbəsi yaradıb.
AZƏRTAC Yle telekanalına istinadla xəbər verir ki, Vaalimaa, Nuyyamaa və İmatra sərhəd keçid məntəqələrində intensiv hərəkət gecə ərzində də davam edib. Finlandiya sərhədçiləri yaxın günlərdə axının daha da artacağını gözləyirlər. Onların sözlərinə görə, sentyabrın 24-də 13 min 300, sentyabrın 25-də isə 14 min 300 nəfər Suomiyə daxil olub.
Sentyabrın 12-də Avropa Komissiyasının Rusiya ilə sadələşdirilməsi viza rejimi sazişinin dayandırılması barədə qərarı qüvvəyə minib. Nəticədə vizaların qiyməti və onların verilmə müddəti xeyli artıb. Avropa Komissiyası, həmçinin Aİ-yə üzv ölkələri viza almaq istəyənləri “etibarlılıq baxımından” yoxlamağa çağırıb. Eyni zamanda, Rusiya vətəndaşlarının turist vizası ilə Finlandiyaya girişinə qoyulan qadağa yaxın vaxtlarda qüvvəyə minəcək. Buna baxmayaraq, ailə vəziyyəti, həmçinin təhsil və ya iş məqsədi ilə viza almaq imkanları hələ qalacaq.
Qeyd edək ki, sentyabrın 21-də Nyu-Yorkda keçirilən mətbuat konfransında çıxış edən Finlandiyanın xarici işlər naziri Pekka Haavisto ölkəsinin Rusiya vətəndaşları üçün tranzit ərazi olmaq istəmədiyini deyib.

 

Dünya 2022-09-26 11:50:00