×
A
A
A
Sazlamalar

Naftalanda yaralı hərbçimiz, onun ailəsi və şəhid ailəsi ziyarət olunub

Naftalan, 26 sentyabr, Elcan Məmmədov, AZƏRTAC

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdikləri təxribat nəticəsində yaralanan Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kənd sakini Yavər Qəribovu müalicə aldığı xəstəxanada ziyarət edib, onun səhhəti ilə maraqlanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, icra başçısı Yavərin özünü yaxşı hiss etdiyini və müalicə aldıqdan sonra yenidən Vətənin müdafiəsinə getmək istədiyini deyib. Söhbət zamanı Müzəffər ordumuzun böyük şücaət göstərərək torpaqlarımızı işğaldan azad etməsindən danışılıb. Qeyd olunub ki, regionun və dünyanın ən güclü ordularından birinə çevrilmiş şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə üzərinə qoyulmuş missiyanı bu gün də uğurla yerinə yetirir.
Yavər Qəribovun atası övladına, eləcə də digər hərbçilərimizə, yaralılarımıza, şəhid ailələrinə göstərilən qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib. İcra başçısı hərbi qulluqçumuzun ailə üzvlərinin qayğıları ilə maraqlanıb, müvafiq tapşırıq verib.
Sonra Vüqar Novruzov, şəhər polis şöbəsinin rəisi Zaur Bədəlov, şəhər Ağsaqqallar Şurasının sədri Möhübbət Bədəlov və digər məsul şəxslər 44 günlük Vətən müharibəsi şəhidi Quliyev Bəhruz Firuz oğlunun ailəsini Anım Günü ərəfəsində ziyarət ediblər.
Bildirilib ki, 30 ilə yaxın davam edən ədalətsizliyə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun qazandığı tarixi Zəfər nəticəsində son qoyuldu. Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini uca tutmaq, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur.
Görüş zamanı şəhidin ailə üzvləri onlara daim diqqət və qayğı ilə yanaşan ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək, bir sıra məsələlərin həlli ilə bağlı müraciət ediblər. Şəhər icra hakimiyyətinin başçısı qeyd olunan məsələlərin qısa müddətdə həlli ilə bağlı tapşırıqlar verib.
Qeyd edək ki, Quliyev Bəhruz Firuz oğlu ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” və "Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

 

 

Regionlar 2022-09-26 11:41:00