×
A
A
A
Sazlamalar

Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün imtahan keçirilib

Bakı, 25 sentyabr, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi (mühasibat uçotu üzrə) keçirilib.
DİM-dən AZƏRTAC-bildirilib ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 3 binada təşkil olunub. İmtahanın keçirilməsi üçün 3 ümumi imtahan rəhbəri, 9 imtahan rəhbəri, 64 nəzarətçi müəllim, 8 mühafizə (buraxılış rejimi) əməkdaşı cəlb olunub.
İmtahan 3 saat müddətində aparılıb və namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. 40 test tapşırığının 30-u qapalı, 10-u açıq tipli tapşırıqlardır. İmtahanda maksimum 100 bal toplamaq mümkündür. Qapalı tipli tapşırıqların 20-si 1 balla, 10-u 2 balla, açıq tipli tapşırıqların 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.
İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması ilə əlaqədar yaxın 15 gün ərzində elan olunacaq.
Xatırladaq ki, imtahanın II mərhələsi (qanunvericilik üzrə) oktyabrın 9-da keçiriləcək. İmtahanda iştirak etmək üçün qeydiyyat 29 sentyabr 2022-ci il tarixinədək aparılacaq.

Elm və təhsil 2022-09-25 14:41:00