×
A
A
A
Sazlamalar

Mövlud Çavuşoğlu: Ermənistanın sülhə və bu bölgədə əməkdaşlığa ehtiyacı var VİDEO

Ankara, 25 sentyabr, AZƏRTAC

Azərbaycanın Cənubi Qafqazda davamlı sülh və sabitlik naminə təklif etdiyi hərtərəfli sülh müqaviləsinin mümkün qədər tez bir vaxtda Ermənistan və Azərbaycan tərəfindən imzalanması lazımdır. Biz bu prosesi dəstəkləyirik.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Los-Ancelesdə türk icması ilə keçirdiyi görüşdə söyləyib.
İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın qazandığı böyük Zəfərdən sonrakı normallaşma prosesindən bəhs edən nazir Mövlud Çavuşoğlu deyib ki, Ermənistanı cəsarətləndirmək lazımdır. Təəssüf ki, sayları az olan ABŞ-dakı erməni qrupu var ki, onlar Türkiyə ilə normallaşmaya qarşıdırlar. Halbuki, onların Ermənistana heç bir müsbət töhfəsi yoxdur. Nifrət üzərində hərəkət edirlər. Ermənistanın sülhə və bu bölgədə əməkdaşlığa ehtiyacı var və bu fürsəti dəyərləndirməsi lazımdır.
Əlli il əvvəl ASALA erməni terror təşkilatları tərəfindən türk diplomatlarının ilk dəfə məhz Los-Ancelesdə qətlə yetirildiyini xatırladan nazir Mövlud Çavuşoğlu türk icmasından fəal olmalarını, ABŞ-ın ictimai-siyasi həyatında ciddi təmaslar qurmalarını xahiş edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Siyasət 2022-09-25 10:03:00

Video