×
A
A
A
Sazlamalar

Canni De Byazi: Slovakiya ilə matçı unutmalı və Qazaxıstan ilə oyunu düşünməliyik

Bakı, 25 sentyabr, AZƏRTAC

Çox ağır, çətin oyun olacaq. Qazaxıstanın lider olacağını heç kim gözləmirdi. Vuruşur, mübarizə aparırlar. Birinci yerə layiqdirlər. Qazaxıstan çox güclü komandadır. Slovakiya ilə matçı unutmalı və bu oyunu düşünməliyik. Çox yaxı komandamız var. Özümüzü daha yüksək səviyyədə idarə edə bilərik. Komandamdan razıyam. Hesab edirəm ki, düzgün yoldayıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu oyunları çərçivəsində sentyabrın 25-də Qazaxıstan millisini qəbul edəcək Azərbaycan milli komandasının baş məşqçi Canni De Byazi mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis deyib: “Qara Qarayev milli komandaya dəvət olunmama səbəbini hamıdan yaxşı bilir. Heç vaxt komandada olan sirri aça bilmərəm. Bu, düzgün deyil. Komandanın içində olanlar orada qalır. Belə etsək, böyük bir komanda qura bilmərik. Bizimlə olan futbolçular barədə düşünməliyik. Hazırda burada olanlardan razıyam. İlk gündən deyirəm ki, millinin qapısı hamı üçün açıqdır. Eynilə həmin qapı bağlana da bilər. Millidə özünü düzgün aparmalısan. Bu, mənim üçün çox önəmlidir”.
Elvin Camalovun çox döyüşkən futbolçu olduğunu deyən baş məşqçi bildirib ki, o, meydanda bütün gücünü ortaya qoyur. Bir epizoda görə heç nə demək olmaz. Çox vacib oyunçudur. Həmişə özünü düzgün aparır. Slovakiyaya qarşı çox yaxşı oyun keçirdi. Ondan razıyam. Klubunda da liderdir”.
Qeyd edək ki, sentyabrın 25-də "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Qazaxıstan görüşü saat 20:00-da başlayacaq.

 

İdman 2022-09-25 02:47:00