Gürcüstan-Rusiya sərhədində 20 kilometr uzunluqda tıxac yaranıb
Tbilisi, 24 sentyabr, AZƏRTAC
Rusiyada qismən səfərbərlik edildikdən sonra bu ölkədən Gürcüstana üz tutan insanların sayı durmadan artır.
Səfərbərlikdən qaçan ruslar Gürcüstan sərhədini keçmək üçün təxminən 40 saata qədər gözləməli olurlar.
AZƏRTAC xəbər verir ki, hazırda Rusiya ilə Gürcüstan arasındakı yeganə quru sərhəd olan Yuxarı Lars sərhəd keçid məntəqəsində ümumi uzunluğu 20 kilometrdən çox olan tıxac yaranıb.
Sentyabrın 23-də axşam saatlarında Rusiya tərəfində sərhəddə 2 min minik avtomobili Gürcüstana keçmək üçün növbə gözləyib. Sentyabrın 24-də isə bu rəqəm azı 2 dəfə artıb. Hazırda Rusiya tərəfində tıxacın uzunluğu 20 kilometrdən də bir qədər çoxdur. Tıxacın artmasına səbəb Rusiya tərəfindən hərbi çağırış yaşlı insanların sərhədi keçmələrinə tətbiq olunan qadağalardır.
Hərbi çağırışdan yayınmaya görə vətəndaşların 10 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılması ilə bağlı Rusiya Prezidentinin imzaladığı sərəncam vəziyyəti daha da gərginləşdirib. İndi bəzi insanlar bu qadağalara məhəl qoymadan qeyri-qanuni yolla Gürcüstana keçməyə cəhd göstərirlər. Bu isə Gürcüstan tərəfində ciddi narahatlıq yaradır.
Gürcüstan sərhəd polisi gücləndirilmiş iş rejiminə keçib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Avropada yüz minlərlə ton qəhvə və kakao məhv edilə bilər
Finlandiya hökuməti Rusiya ilə sərhədi iki həftəlik tam bağlamaq qərarına gəlib
Pentaqon Şimali Koreya tərəfindən buraxılan peykin orbitə çıxarıldığını etiraf edib
COP28: Təbii fəlakətdən zərər çəkmiş ölkələrlə bağlı səmərəli yardım mexanizmləri qəbul edilməlidir
G7 HƏMAS-ı bütün girovları ilkin şərt olmadan azad etməyə çağırıb