×
A
A
A
Sazlamalar

ICESCO İslam Dünyası İrsi Günü münasibətilə bəyanat yayıb

Qahirə, 24 sentyabr, AZƏRTAC

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) hər il sentyabrın 25-də İslam Dünyası İrs Gününü qeyd edir.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə yaydığı bəyanatda ICESCO-nun İslam dünyasında mədəni irsin qorunması və onun elementlərinin sənədləşdirilməsi üzrə səylərinin bir hissəsi olaraq, üzv dövlətlərin çoxsaylı tarixi yerlərini və mədəni elementlərini İslam Dünyası Maddi və Qeyri-Maddi İrs Siyahılarına daxil etdiyi diqqətə çatdırılıb. Belə ki, irs sahəsində çalışan peşəkar heyətin əlyazmalardan ibarət faylların hazırlanmasında bacarıqlarını inkişaf etdirmək üçün bir neçə təlim sessiyası keçirilib. Təşkilat, həmçinin mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi ilə mübarizənin zəruriliyi barədə məlumatlılığı artırmaq üçün bir neçə beynəlxalq forum və simpoziumlar təşkil edib.
ICESCO qeyd edib ki, müasir texnoloji nailiyyətlərlə ayaqlaşan təşkilat üzv dövlətlərin irs sənədlərində süni intellektin tətbiqi təcrübəsinin genişləndirilməsi və irs nümunələrinə dair bir sıra təlimatların tamamlanması üzərində işləyir. Bununla yanaşı, İslam ölkələrində mədəni irsin qiymətləndirilməsi, onun qeyri-qanuni alverinə qarşı mübarizə yolları daha da təkmilləşdirilir. Bu sahədə mütəxəssis və ekspertlər üçün beyin mərkəzinə çevrilmiş ICESCO-nun İslam Dünyası İrs Mərkəzi üzv dövlətlərin irs sahəsində müxtəlif ehtiyaclarına cavab vermək, o cümlədən hüquqi sistemləri nəzərdən keçirmək üçün lazımi dəstəyi təmin edən inteqrasiya olunmuş proqram həyata keçirir. Bununla yanaşı, peşəkarlara nəzarət və onların hazırlıq səviyyəsinin yüksəldilməsi, ICESCO-nun ixtisaslaşmış komitələri tərəfindən təhlükə altında olan irs abidələrinə baxış və kəşfiyyat səfərlərinin həyata keçirilməsi, müvafiq texniki hesabatların hazırlanması, habelə İslam dünyasında mədəni irsin müxtəlif komponentlərinin sənədləşdirilməsi, bərpası və mühafizəsi də diqqət mərkəzində olan məsələlərdir.

Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Mədəniyyət 2022-09-24 19:24:00