×
A
A
A
Sazlamalar

Şəhidlərimizin xatirəsi İordaniyada da anılıb

Bakı, 24 sentyabr, AZƏRTAC

İordaniyada yaşayan Azərbaycan icması Ermənistanın ölkəmizlə sərhəddə törətdiyi genişmiqyaslı təxribat nəticəsində həlak olmuş hərbçilərimizin xatirəsini anıb.
Diasporla İş üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildiriblər ki, mərasimdə Azərbaycan, Türkiyə, İordaniya və İraq icmalarını təmsil edən xanımlar iştirak ediblər. Vətənimizin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı uğrunda döyüşlərdə qəhrəmanlıqla həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.
Bildirilib ki, Azərbaycanın təşəbbüsü və Avropa İttifaqının vasitəçiliyi ilə aparılan sülh danışıqlarının vacib mərhələsində Ermənistanın hərbi-siyasi rəhbərliyi növbəti dəfə müharibə cinayətinə əl atıb. Şəhid ailələrinə dərin hüznlə başsağlığı verən mərasim iştirakçıları bölgədə sülhün bərqərar olmasını istəyən Azərbaycan dövlətini dəstəklədiklərini vurğulayıblar.

Cəmiyyət 2022-09-24 18:54:00