×
A
A
A
Sazlamalar

Naxçıvan Dövlət Milli Dram Teatrının 140-cı mövsümünün açılışı olub

Naxçıvan, 24 sentyabr, AZƏRTAC

Naxçıvan Dövlət Milli Dram Teatrının 140-cı mövsümünün açılışı olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirin rəsmi hissəsində teatrın direktoru, Azərbaycan Respublikasının Xalq artisti Rza Xudiyev çıxış edərək Naxçıvan teatrının tarixindən danışıb. Bildirib ki, Azərbaycanda ilk peşəkar teatrın yaranmasından 10 il sonra – 1883-cü il mayın 11-də əsası qoyulan və bu gün 140-cı mövsümünə start verən Naxçıvan teatrı həmişə Azərbaycan teatr hərəkatının önündə gedərək tamaşaçıların mənəvi və estetik tərbiyəsində mühüm rol oynayıb.
Vurğulanıb ki, bu ilin ötən dövrü Naxçıvan teatrı üçün daha əlamətdar olub. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 26 aprel tarixli Qərarı ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına “Milli” statusu verilib.
Qeyd olunub ki, yeni yaradıcılıq mövsümündə, eyni zamanda, 2023-cü ildə bu sənət ocağının 140 illik yubileyi ərəfəsində Naxçıvan Dövlət Milli Dram Teatrının kollektivi ideya-bədii cəhətdən müxtəlifliyi ilə seçilən əsərlərlə teatrsevərlərin qonağı olacaq. Hazırda teatrda Hüseyn Cavidin “Topal Teymur” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın son məşqləri gedir.
Tədbirin bədii hissəsində “Xurşidbanu Natəvan” tamaşası nümayiş olunub. Səhnə əsərində rolları Azərbaycan Respublikasının Əməkdar artistləri Əli Əliyev, Behruz Haxverdiyev, Əbülfəz İmanov, Vidadi Rəcəbli, gənc aktyorlar Mehri Nəbiyeva, Məmməd Mehdiyev, Səyyad Məmmədov və digərləri ifa edirlər. Tamaşanın rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidov, rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Natəvan Qədimova və rejissor assistenti Azərbaycan Respublikasının Əməkdar artisti Vidadi Rəcəblidir.
Səhnə əsəri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

 

 

Regionlar 2022-09-24 16:32:00