×
A
A
A
Sazlamalar

Miqrantların ölkəmizin qanunvericiliyi ilə bağlı məlumatlandırılması diqqətdə saxlanılır

Naxçıvan, 24 sentyabr, AZƏRTAC

Muxtar respublikada yaşayan, təhsil alan, əmək fəaliyyəti ilə məşğul olan miqrantların hüquq və vəzifələri, eləcə də miqrasiya qanunvericiliyi ilə bağlı məlumatlandırılması diqqətdə saxlanılır.
Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq xidmətin təşkilatçılığı ilə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri”nə dair növbəti maarifləndirici tədbir keçirilib.
Xidmətin şöbə rəisi Kənan Məmmədov tədbirin keçirilmə məqsədi və əhəmiyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, həyata keçirilən çoxşaxəli və uğurlu siyasət əcnəbilərin Naxçıvan Muxtar Respublikasına olan marağını və müxtəlif məqsədlərlə səfər etmə niyyətini daha da artırmaqdadır. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti olma və yaşama icazəsinin verilməsi ilə bağlı kifayət qədər geniş əsaslar mövcuddur. Bu da onların ölkəmizdə müvəqqəti yaşama hüququnu daha rahat və asan formada əldə etmələri baxımından müstəsna əhəmiyyətə malikdir. Kənan Məmmədov ölkə ərazisində müvəqqəti olma və yaşama müddətinin uzadılması qaydası və tələb olunan sənədlərlə bağlı ətraflı məlumat verib.
Xidmətin baş inspektoru Həmid Muxtarlı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında əmək fəaliyyəti ilə məşğul olmasının hüquqi əsasları danışıb. Vurğulayıb ki, əcnəbilərin əmək fəaliyyəti ilə məşğul olmaları üçün əsas şərtlər iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ya ixtisasa malik Azərbaycan Respublikası vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğundan ibarətdir. İşəgötürənlər işə cəlb etmək istədikləri hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxs üçün əvvəlcə iş icazəsi almalı, yalnız öz iş yerlərində işlə təmin etməli və bu barədə iş icazəsinin qüvvədə olduğu müddətə onlarla əmək müqaviləsi bağlamalıdırlar.
Sonra iştirakçılara xidmət tərəfindən hazırlanan maarifləndirici bukletlər paylanılıb. Tədbir qarşılıqlı diskussiya şəraitində davam edib, suallar ətraflı cavablandırılıb.
Əcnəbilərin Naxçıvan şəhərində yerləşən Xatirə Muzeyinə ekskursiyası da təşkil olunub. Muzey bələdçisi bildirib ki, Xatirə Muzeyi ermənilər tərəfindən törədilən soyqırımı qurbanlarının, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsini əbədiləşdirmək məqsədilə 2000-ci ildə yaradılıb. Döyüşlərdə həlak olanların xatirəsinin əbədiləşdirildiyi muzeydə şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, onların döyüş yolunu əks etdirən materiallar, eyni zamanda, qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar mühafizə və nümayiş etdirilir. Muzeylə tanışlıq əcnəbilərdə zəngin təəssürat yaradıb.

Regionlar 2022-09-24 16:04:00