×
A
A
A
Sazlamalar

ABŞ F-16 qırıcıları satmaqdan imtina etsə, Türkiyə Su-35 təyyarələri ala bilər

Bakı, 24 sentyabr, AZƏRTAC

ABŞ Türkiyəyə döyüş təyyarələri satmaqdan imtina etsə, Rusiyanın Su-35 qırıcıları Birləşmiş Ştatların F-16 təyyarələrinə alternativ ola bilər.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir CNN Türk telekanalının efirində deyib.
“F-16 qırıcılarının Türkiyəyə satışına dair sövdələşmə baş tutmasa, Ankara Su-35 təyyarələri də daxil olmaqla, müxtəlif alternativləri nəzərdən keçirəcək”, - deyə İsmayıl Dəmir bildirib. Nazir, həmçinin deyib ki, F-16 təyyarələrinin satışı ilə bağlı müqavilənin bağlanacağına ümid edir.
Bir müddət öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonun Ankaraya F-16 döyüş təyyarələrinin satışı ilə bağlı sövdələşməni təsdiqləməyə meyilli olduğunu bildirmişdi.
Türkiyə Birləşmiş Ştatlardan 40 ədəd F-16 “Block 70” və Hərbi Hava Qüvvələrinin arsenalında olan təyyarələri modernizə etmək üçün 80 ədəd “Block 70” dəsti almağa çalışır. Ankara Rusiyadan S-400 zenit-raket kompleksləri alması səbəbindən beşinci nəsil F-35 qırıcı-bombardmançı təyyarələrinin istehsalı proqramından çıxarıldıqdan sonra F-16 təyyarələri əldə etməyə istiqamətlənib.

Dünya 2022-09-24 16:03:00