Füzulidə “Məişət zorakılığına qarşı birlikdə mübarizə aparaq” adlı tədbir keçirilib
Füzuli, 24 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Məişət zorakılığına qarşı birlikdə mübarizə aparaq” adlı tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin əməkdaşları, icra hakimiyyəti yanında İctimai Şuranın üzvləri, rayon Polis Şöbəsinin, təhsil sektorunun, Füzuli Qadın Resurs Mərkəzinin əməkdaşları və qadınlar iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Horadiz şəhərində Gənclər Mərkəzində keçirilən tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbahar Eyvazova çıxış edərək insan hüquq və azadlıqlarının qorunmasından, eləcə də məişət zorakılığı hallarına qarşı mübarizədə qanunvericilik bazasından söz açıb. Qanunlarımızla vətəndaşların hüquqlarının qorunduğunu diqqətə çatdıran natiq məişət zorakılığına qarşı mübarizədə hər kəsi əməkdaşlığa çağırıb.
Füzuli Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Qənimət Əliyev məişət zorakılığının qarşısının alınması məsələsinin hüquqi aktlarda təsbitindən söz açıb, hər bir fərdin cəmiyyətin bir parçası olduğunu, məişət zorakılığı hallarının baş verdiyi ailələrdə ən çox əziyyət çəkən məhz uşaqlar olduğunu vurğulayıb.
Rayon Polis Şöbəsinin sahə rəisi, polis baş leytenantı Mahir Abbasov məişət zorakılığı hallarına qarşı polis orqanlarının apardığı mübarizədən və bu mürəkkəb məsələdə birlikdə mübarizə aparmağın vacibliyindən danışıb. Həmçinin zorakılıq halları ilə qarşılaşdıqda dərhal polisə məlumat verilməsinin vacibliyini diqqətə çatdırıb.
Hüquqşünas Rahib Bağırov məişət zorakılığı hadisələrinin hüquqi müstəvidə izahatını verib və yaratdığı məsuliyyət halları haqqında məlumatı çatdırıb.
Sonda iştirakçılara rayon icra hakimiyyəti tərəfindən hazırlanan “Məişət zorakılığına yox deyək” adlı əyani vəsait paylanılıb.
Şirvanda küçələrin asfaltlanması işləri görülür
Fiziki məhdudiyyətli uşaqların bacarıqları inkişaf etdirilir
Sumqayıtda Gənclər və Könüllülər Mərkəzinin ofisinin açılışı olub
Birgünlük kirayə evlər 20-60 manata təklif olunur – Gədəbəyin qış turizmi VİDEOREPORTAJ