×
A
A
A
Sazlamalar

Bakıda V Robot Olimpiadasının açılış mərasimi olub

Bakı, 24 sentyabr, AZƏRTAC

Sentyabrın 24-də Bakıda V Robot Olimpiadasının açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Azərbaycan gənclər və idman nazirinin müavini İndira Hacıyeva, iştirakçı komandalar, komandalarda yarışan uşaqların valideynləri və tamaşaçılar iştirak ediblər.
Əvvəlcə Vətənin azadlığı uğrunda şəhid olan qəhrəmanlarımız bir dəqiqəlik sükutla anılıb və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə tədbir açıq elan edilib.
Açılış mərasimində çıxış edən Azərbaycan gənclər və idman nazirinin müavini İndira Hacıyeva V Robot Olimpiadasının əhəmiyyətindən danışıb, gənclərə uğurlar arzulayıb.
İndira Hacıyeva qeyd edib ki, savadlı Azərbaycan gəncliyinin yetişməsi dövlətin marağında olan əsas məsələlərdəndir. İlk dəfə bu olimpiadada 20 nəfər iştirak edirdi. İndi isə iştirakçı komandaların sayı altı dəfə artaraq 124 olub.
Sonra yarışın baş hakimi, beynəlxalq dərəcəli hakim Rauf Cabbarov çıxış edərək vurğulayıb ki, Olimpiadanın keçirilməsində əsas məqsəd gələcək üçün savadlı kadrların yetişdirilməsidir. Əsas hədəf gələcəkdə bu sahədə texnologiyanı bilən kadrlar hazırlamaqdır. Qələbə isə yalnız bu gün üçün lazımdır. Valideynlərdən övladlarına dəstək olmalarını, iştirakçılar isə qalib gəlməsə də, ruhdan düşməmələrini tövsiyə edirik.
Daha sonra isə tədbir müxtəlif aviaşouların keçirilməsi ilə davam edib.

Cəmiyyət 2022-09-24 15:41:00