×
A
A
A
Sazlamalar

Almaniya hakimiyyəti qaz və elektrik enerjisinin qiymətini aşağı salmağa çalışır

Bakı, 24 sentyabr, AZƏRTAC

Almaniya hakimiyyəti enerji təminatına zəmanət verən uzunmüddətli qərarlar qəbul edib və hazırda qaz və elektrik enerjisinin qiymətlərini aşağı salmağa çalışır.
AZƏRTAC Almaniya mediasına istinadla xəbər verir ki, bu barədə kansler Olaf Şolts şənbə günü yayımlanan videomüraciətində bildirib.
“Biz bazarın strukturunu dəyişdirərək elektrik enerjisinin qiymətlərinin yenidən ucuzlaşmasını istəyirik. Bunun üçün komissiya yaratmışıq”, - Olaf Şolts belə deyib. O, eyni zamanda, bu məsələ ilə bağlı Avropa İttifaqı, həmçinin Avropa və Almaniyaya qaz ixrac edən bütün tərəflərlə danışıqlar aparıldığını qeyd edib.
İyul ayında Moskvaya qarşı tətbiq edilən məhdudiyyətlər səbəbindən bəzi ölkələrə qaz tədarükündə fasilələrin yaranması və sonradan Rusiyanın “Şimal axını” qaz kəməri vasitəsilə qaz nəqlini dayandırması Avropa İttifaqında ciddi enerji böhranına səbəb olub. Bu səbəbdən Avropa Komissiyası ittifaqa üzv ölkələrə Rusiyanın qaz tədarükünü tamamilə dayandırmasına hazır olmağa çağırıb.
“Bild” qəzetinin Almaniya Mənzil Assosiasiyasının proqnozlarına istinadla yaydığı məlumata görə, 2022-ci ildə ölkədə elektrik enerjisi qiymətlərində artım istehlakçılar üçün əvvəllər düşünüldüyündən daha çox nəzərə çarpacaq. Assosiasiyada hesab edirlər ki, bir nəfərdən ibarət ev təsərrüfatlarında əlavə xərclər ildə 2700 avro, dörd nəfərlik ailə üçün isə 5000 avro təşkil edəcək.

 

 

Dünya 2022-09-24 15:00:00