Sabah İtaliyada növbədənkənar seçkilər keçiriləcək
Roma, 24 sentyabr, AZƏRTAC
Sentyabrın 25-də İtaliyada növbədənkənar ümumi seçkilər keçiriləcək.
AZƏRTAC xəbər verir ki, səsvermə yerli vaxtla saat 07:00-da başlayacaq və 23:00-dək davam edəcək. Seçkilərdə 50 milyondan çox italiyalı 19-cu qanunverici orqanda parlament üzvlərini seçmək üçün səsvermə hüququna malik olacaq.
Daxili İşlər Nazirliyinin məlumatına görə, 59 milyon nəfər əhalisi olan İtaliyada 50 milyon 869 min 304 nəfər seçkidə səsvermə hüququna malikdir. Onlardan 4 milyon 741 min 790 nəfəri xaricdə yaşadığı üçün səslərini olduqları ölkələrdəki nümayəndəliklər və poçt vasitəsilə verəcəklər. Ölkə üzrə isə 46 milyon 127 min 514 nəfər səsvermə hüququna malikdir. Onların 51,74 faizini qadınlar, 48,26 faizini isə kişilər təşkil edir.
Konstitusiyada edilən dəyişikliyə əsasən, yaşı 18-dən yuxarı olan 2 milyon 682 min 94 nəfər təkcə parlamentin aşağı palatası olan Nümayəndələr Palatasının üzvlərinə deyil, həm də yuxarı palata – Senatın üzvlərinə səs verə biləcək.
Seçkiyə dair ilk qeyri-rəsmi nəticələrin sentyabrın 25-dən 26-na keçən gecə açıqlanması gözlənilir.
Builki seçkilərin daha bir xüsusiyyəti ondan ibarətdir ki, əvvəlkindən daha az deputat seçiləcək. 2020-ci ildə İtaliyada keçirilən konstitusiya dəyişikliyi referendumu ilə Senat və Nümayəndələr Palatasında yerlərin sayı azaldılıb. Belə ki, 315 yerlik Senat üçün builki seçkidə 200 senator seçiləcək. Nümayəndələr Palatasındakı yerlərin sayı isə 630-dan 400-ə endirilib.
Qeyd edək ki, bu, İtaliya tarixində keçiriləcək 9-cu növbədənkənar seçkilərdir. Ölkədə son 10 ildə vəzifədə olan altı Baş nazir seçkilərdə qələbə qazanaraq deyil, prezident tərəfindən təyin edilib.
Xatırladaq ki, Baş nazir Mario Draqi iyulun 21-də istefa ərizəsini İtaliya Prezidenti Sercio Mattarellaya təqdim edib. Sercio Mattarella isə 2023-cü ilin ilk aylarında planlaşdırılan seçkilərin cari il sentyabrın 25-də keçirilməsinə qərar verib.
Mario Draqinin başçılıq etdiyi geniş iştiraklı koalisiya hökuməti COVID-19 epidemiyasının yaratdığı sağlamlıq və iqtisadi böhran şəraitində milli birlik hökuməti olaraq 2021-ci il fevralın 13-də qurulmuşdu. Bu hökuməti İtaliya parlamentində təmsil olunan 10 siyasi partiya dəstəkləmişdi.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Türkiyə Dünya İqlim Fəaliyyəti Sammitinə ev sahibliyi etmək niyyətindədir
Slovakiya-Ukrayna sərhədində yük maşınlarının uzun növbəsi yaranıb
Yeni Zelandiyada 100 ildə ilk dəfə olaraq vəhşi təbiətdə kivi quşunun iki balası yumurtadan çıxıb
Tehranda hava çox çirkləndiyinə görə məktəbləri bağlayıblar
Cənubi Çexiyada qar fırtınası səbəbindən fövqəladə vəziyyət elan edilib