×
A
A
A
Sazlamalar

Prokurorluq orqanlarının xarici tərəfdaşları ilə beynəlxalq əməkdaşlığı davam etdirilir

Bakı, 24 sentyabr, AZƏRTAC

Korrupsiyaya qarşı mübarizənin transmilli xüsusiyyətləri və ona qarşı qlobal mübarizənin labüdlüyü nəzərə alınmaqla prokurorluq orqanlarının beynəlxalq təşkilatlarla, habelə xarici ölkələrin bu sahədə ixtisaslaşmış qurumları ilə əməkdaşlığı davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, belə tədbirlərdən biri kimi, cari il sentyabrın 23-də Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində hibrid formatda keçirilmiş “Korrupsiyaya qarşı mübarizə və şəffaflıq” adlı II Beynəlxalq Daşkənd Forumunda Azərbaycan Respublikasının Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov iştirak edib.
Tədbirdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsi (UNODC), BMT-nin İnkişaf Proqramı (UNDP), Dünya Bankı, Beynəlxalq Antikorrupsiya Akademiyası (IACA), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) kimi beynəlxalq təsisatların, Amerika Birləşmiş Ştatları, Cənubi Koreya, Özbəkistan, Latviya, Malayziya və digər ölkələrin dövlət qurumlarının, habelə bir sıra tanınmış qeyri-hökumət təşkilatlarının rəhbər vəzifəli şəxsləri və digər nümayəndələri iştirak ediblər.
Həmin beynəlxalq forumun müzakirə sessiyasında çıxış edən Nazim Rəcəbov ölkəmizdə mövcud olan qəti siyasi iradəyə uyğun olaraq korrupsiyaya qarşı mübarizə sahəsində əldə edilən qabaqcıl təcrübəni iştirakçılarla bölüşərək, aparılmış hüquqi və institusional islahatlar, ardıcıl və sistemli preventiv tədbirlər və digər bu kimi nailiyyətlər barədə iştirakçılara geniş məlumat verib, qeyd edilən sahədə milli yol xəritəsi rolunu oynayan “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın müstəsna əhəmiyyəti xüsusi vurğulanıb.
Bundan başqa, çıxışda ölkəmizin Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) kimi nüfuzlu beynəlxalq təşkilatlarla qurulmuş sıx əməkdaşlıq əlaqələri və xüsusi müsadirə institutunun inkişafı sahəsində icra edilən “Tvininq” layihəsi çərçivəsində görülmüş işlərdən, habelə digər aktual məsələlərdən geniş bəhs olunub.
Qarşılıqlı müzakirələr formatında davam edən tədbirdə tərəfdaş ölkələrlə əməkdaşlığın daha da genişləndirilməsi, korrupsiyaya qarşı mübarizə sahəsində qabaqcıl beynəlxalq təcrübənin mütəmadi izlənilməsi, habelə gələcəkdə daha səmərəli nəticələrə nail olmaq üçün mövcud maneələrin birgə səylərlə aradan qaldırılması kimi müxtəlif mövzular ətrafında ətraflı fikir mübadiləsi aparılıb.

Cəmiyyət 2022-09-24 13:13:00