×
A
A
A
Sazlamalar

Çağırışçılar xidmət yerləri haqqında məlumatlandırılıblar

Bakı, 24 sentyabr, AZƏRTAC

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) Azərbaycan Respublikasında 2022-ci ilin oktyabr ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçıları Silahlı Qüvvələr üzrə xidmət yerləri barədə SMS vasitəsilə məlumatlandırıb.
Dövlət Xidmətindən AZƏRTAC-a bildiriblər ki, bununla yanaşı vətəndaşlar xidmət edəcəkləri qoşun növünü və hərbi hissəni SHXÇDX-nin rəsmi internet saytının “Elektron xidmət” bölməsinin “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölməsində tələb olunan məlumatları müvafiq qaydada daxil etməklə dəqiqləşdirə bilərlər. Çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini (yeni nəsil şəxsiyyət vəsiqələrində isə seriya və nömrəni probelsiz daxil edərək) 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə də xidmət yerləri barədə məlumat əldə edə bilərlər. Qısa mesaj xidməti üçün bütün mobil operatorlara məxsus nömrələrdən istifadə etmək mümkündür. Çağırışçılara SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələrində qeydiyyat zamanı təqdim etdikləri mobil nömrələrini aktiv saxlamaları tövsiyə olunur.
Qeyd edək ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan öncə - dekabr, mart, iyun, sentyabr aylarının sonunda aktivləşir. Məlumat üçün bildirilir ki, Prezident İlham Əliyev sentyabrın 3-də “Azərbaycan Respublikası vətəndaşlarının 2022-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən 2004-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1987–2003-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2022-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

 

Cəmiyyət 2022-09-24 13:05:00