×
A
A
A
Sazlamalar

Göyçayda şəhidin xatirəsinə tikilən bulaq istifadəyə verilib

Göyçay, 24 sentyabr, AZƏRTAC

Göyçay rayonunun Çərəkə kəndində 1-ci Qarabağ müharibəsi şəhidi İlqar Rəhim oğlu Nəbiyevin xatirəsinə inşa olunan bulaq istifadəyə verilib. Açılış mərasimində rayon rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsinin, rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri, şəhidin ailə üzvləri və məktəblilər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edən Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərasimdə çıxış edənlər İlqar Nəbiyevin keçdiyi şərəfli həyat yolundan danışıb, onun cəsur, vətənpərvər insan olduğunu söyləyiblər. Vurğulanıb ki, 44 günlük Vətən müharibəsində işğalçı erməni ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə diz çökdürüldü, torpaqlarımız azad edildi, İlqar və onun kimi şəhidlərimizin qanı yerdə qalmadı. Çıxışlarda diqqətə çatdırılıb ki, sentyabrın 12-si gecədən başlayan erməni silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı düşmənin bədnam niyyəti baş tutmadı, onlar öz layiqli cəzalarını aldılar.
Şəhidin qardaşı Famil Nəbiyev mərasimdə çıxış edərək şəhidlərə, onların ailələrinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirib.
Tədbirdə məktəblilərin ifasında Vətənə, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Qeyd edək ki, şəhid İlqar Rəhim oğlu Nəbiyev 1975-ci ilin sentyabrında Göyçayın Çərəkə kəndində dünyaya göz açıb. Hələ uşaq ikən ən böyük arzusu hərbçi olmaq idi. Ona görə könüllü olaraq sənədlərini ali hərbi məktəbə vermişdi. 1-ci Qarabağ müharibəsi başlayanda təhsilini yarımçıq qoyub cəbhəyə gedib. Ağdam və Füzuli istiqamətlərində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşub. Son döyüşü 1994-cü il yanvar ayının 11-də Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində olub.

Regionlar 2022-09-24 12:27:00