×
A
A
A
Sazlamalar

Kənd turizmi sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Bakı, 24 sentyabr, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Lənkəran şəhərində kənd turizmi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə görüş keçirilib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin, Dövlət Turizm Agentliyinin, Azərbaycan Dövlət Reklam Agentliyinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və maliyyə qurumlarının nümayəndələri, eləcə də regionda kənd turizmi sahəsində fəaliyyət göstərən 20-yə yaxın sahibkarlıq subyekti iştirak edib. Tədbirdə KOBİA, Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyinin birgə dəstəyi ilə həyata keçirilən “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi üzrə cənub bölgəsində seçilmiş kənd turizmi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin təklifləri dinlənilib, dövlət dəstəyi mexanizmləri, o cümlədən güzəştli kreditlərdən istifadə, KOBİA-nın dəstək və xidmətləri barədə məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Regionlar 2022-09-24 12:44:00