×
A
A
A
Sazlamalar

Yay mövsümündə İsmayıllıya hansı ölkələrdən turist gəlib? REPORTAJ VİDEO

İsmayıllı, 24 sentyabr, Rəşad Türkoğlu, AZƏRTAC

Artıq yay öz yerini payızla əvəzlədi. Bununla da yay turizmi öz işinə yekun vurdu. Maraqlıdır, bəs, yay boyunca ölkəmizə gələn qonaqlar daha çox hansı bölgələrimizə səfər edib?
AZƏRTAC xəbər verir ki, yay aylarında, eləcə də bayram günlərində yerli və xarici qonaqların üz tutduqları bölgələrdən biri də İsmayıllıdır. Rayonun uca dağları, sıx meşələri, təmiz havası, çayları, gölləri, şəlalələri, tarixi abidələri, həmçinin milli, türk və Avropa yeməklərinin daxil olduğu restoran və müasir otelçilik xidmətləri gələn qonaqların ürəyincə olub.
Qədim tarixi ilə dünyanın dörd bir yanından turistləri özünə cəlb edən, dəniz səviyyəsindən 1505 metr hündürlükdə yerləşən Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğu da yay boyu qonaqların sevimli məkanına çevrilib.
ABŞ-da yaşayan həmyerlimiz Ələsgər Fərhadov Lahıc qəsəbəsinə ilk dəfə üz tutan qonaqlardan biridir. Onun sözlərinə görə, bu günə qədər Lahıcı fotolarda və sənədli filmlərdə görsə də, buraya gəlmək bu günlərə təsadüf edib: “Amerikadan gələn kimi evdəkilərə dedim ki, Lahıca, Qalacığa getmək istəyirəm. Qalacığın harada olduğunu, ümumiyyətlə, İsmayıllı rayonunun harada yerləşdiyini bilmirdim. Şəkillərdən görmüşdüm, amma heç təsəvvür edə bilməzdim ki, bu qədər gözəldir”.
Basqal Dövlət Mədəniyyət Qoruğunun direktoru Araz Manaflı ilə söhbət zamanı bildirib ki, yay mövsümündə İsmayıllıya üz tutan turistlərin səfər etdiyi yerlərdən biri də qədim Basqal qəsəbəsi olub. Burada kənd turizminin inkişafı, eləcə də ərazidə tarixi abidələrin zənginliyi, eyni zamanda, digər turizm obyektlərinin yüksək xidmət göstərməsi qəsəbəyə gələn turistlərin sayını ilbəil daha artırır.
Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Kamal Əliyev isə müsahibəsində qeyd edib ki, rayona daha çox Avropa, Rusiya, Pakistan, Türkiyə və ABŞ-dan xeyli qonaq səfər edib.
Rayonda turistlərə təklif olunan evlərin qiyməti fəsilə, kəndlərə və evlərin şəraitinə görə dəyişir. Məsələn, yay aylarında İsmayıllının kəndlərində bir otaqlı mənzil 30-70 manat arasında kirayə təklif edilirsə, digər aylarda bu qiymətlər arasında fərq yarıya enir. Rayon mərkəzi də daxil olmaqla, kənd ərazilərindəki otellər və istirahət mərkəzində isə qiymətlər 60-150 manat arasında dəyişir.
Xatırladaq ki, İsmayıllıda turistlər üçün maraqlı olan 233 tarix və mədəniyyət abidəsi mövcuddur. Onlardan biri - dünya əhəmiyyətli Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğu, 32-si ölkə, 127-si isə yerli əhəmiyyətli abidədir. 73 tarix və mədəniyyət abidəsi isə yeni aşkar olunub. Hazırda İsmayıllıda 20-dən çox otel və ailəvi istirahət mərkəzi fəaliyyət göstərir.

Regionlar 2022-09-24 12:05:00

Video