×
A
A
A
Sazlamalar

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında beynəlxalq təlim kursu keçirilib

Bakı, 24 sentyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında Avropa İttifaqının “Təbii və texnogen xarakterli fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri” üzrə şərq proqramının (PPRD East3) 3-cü fazası çərçivəsində Azərbaycan FHN-in təşkilatçılığı və Finlandiyanın Fövqəladə Hallar Xidmətləri Akademiyası və İsveçin Mülki Müdafiə Agentliyinin tərəfdaşlığı ilə Avropa İttifaqının Mülki Müdafiə Mexanizmi üzrə beynəlxalq təlim kursu keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlim kursunun keçirilməsinin əsas məqsədi Avropa İttifaqının Mülki Müdafiə Mexanizmi, onun hədəfləri, metodları, o cümlədən onunla əlaqəli Avropa İttifaqının strukturları, imkanları, əsaslandığı fəlakət risklərinin idarəedilməsi prinsipləri, bu mexanizm çərçivəsində modul və ekspertlərin fəlakətlərdən zərər çəkmiş ölkələrə göndərilən zaman tətbiq olunan yanaşma və prinsiplər, məlumatların idarə edilməsi və əməliyyatlarla əlaqəli maddi-texniki təchizatla bağlı məsələlərin əsas konsepsiyaları barədə iştirakçılara məlumat verməkdən ibarət olub.
Beynəlxalq təlim kursuna Azərbaycanın Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri, eləcə də Finlandiyanın Fövqəladə Hallar Xidmətləri Akademiyası, İsveçin Mülki Müdafiə Agentliyi, Gürcüstanın Fövqəladə Halların İdarəedilməsi Xidməti və Moldovanın Fövqəladə Hallar üzrə Baş İdarəsinin mütəxəssisləri qatılıblar.

Cəmiyyət 2022-09-24 12:32:00