×
A
A
A
Sazlamalar

Daha bir qrup ukraynalı uşaq Azərbaycana gətirildi

Bakı, 24 sentyabr, AZƏRTAC

Ukraynadakı vəziyyətlə əlaqədar valideynlərindən birini itirən daha bir qrup ukraynalı uşaq Azərbaycana gətirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilən 29 azyaşlı uşaq düşərgələrinə yerləşdiriləcək.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, uşaqlar Bakı və Qəbələ şəhərlərində təşkil olunan 15 günlük düşərgədə sosial reabilitasiya keçəcəklər. Düşərgə müddətində onlar mütəxəssislər tərəfindən müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunacaq.
Peşəkar psixoloqlar tərəfindən təşkil olunan fərdi konsultasiyalar, qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, eyni zamanda psixo-sosial təlimlər, ustad dərsləri vasitəsilə azyaşlıların emosional vəziyyətlərinin stabilləşməsi, eləcə də cəmiyyətə inteqrasiyaları təmin ediləcək.
Düşərgə iştirakçıları ingilis dili kursları vasitəsilə dil biliklərinin artırılması imkanı da əldə edəcəklər.
Bu müddət ərzində uşaqların asudə vaxtının səmərəli təşkil olunması məqsədilə tarixi yerlərə, həmçinin muzeylərə ekskursiyalar təşkil olunacaq, müxtəlif mövzuda komanda işləri görüləcək.



 

Sosial 2022-09-24 12:30:00