×
A
A
A
Sazlamalar

Dövlət Yol Polisi yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edib

Bakı, 24 sentyabr, AZƏRTAC

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edib.
İdarənin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan müraciətdə deyilir: “Avtonəqliyyat vasitələri ilə yüklərin daşınması zamanı müəyyənləşdirilmiş kütlə hədlərinin, ölçü parametrlərinin aşılmaması ilə bağlı edilmiş xəbərdarlıqlara baxmayaraq, təəssüf ki, bu sahədə istənilən nəticə əldə olunmayıb. Nəqliyyat vasitələri ilə normadan artıq yük daşınması hallarının qanunvericiliyə zidd olması və bu əmələ görə qanunla nəzərdə tutulmuş inzibati cərimə məbləğinin kifayət qədər böyük olması haqqında dəfələrlə məlumat verilməsinə baxmayaraq, müşahidələr göstərir ki, bəzi sürücülər tərəfindən oxşar qayda pozuntularına yol verilməsi hallarına hələ də rast gəlinir.
BDYPİ ağırçəkili avtomobillərin hərəkəti nəticəsində asfalt örtüklü yolların deformasiyaya uğrama ehtimalının artmasını, eləcə də digər sürücülər üçün təhlükə yaratmasını nəzərə alaraq, belə halların qarşısının alınması məqsədilə yük daşımaları ilə məşğul olan hüquqi və fiziki şəxslərin diqqətinə çatdırır ki, təyinatından asılı olmayaraq istənilən yük Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyənləşdirilmiş kütlə hədlərindən artıq olmamalı və mümkün qədər günün nisbətən sərin vaxtlarında daşınmalıdır.
Həmçinin sürücülərin, eləcə də yüklənməni həyata keçirən vəzifəli və hüquqi şəxslərin nəzərinə çatdırılır ki, mövcud qanunvericiliyin tələblərinə müvafiq olaraq göstərilən yük parametrlərini aşma hallarının müəyyən ediləcəyi təqdirdə həmin avtomobilin hərəkəti qadağan edilməklə onu idarə edən fiziki şəxslər altı yüz manat məbləğində, icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə yol vermiş vəzifəli şəxslər min dörd yüz manatdan min yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər isə dörd min manatdan beş min manatadək məbləğdə cərimə ediləcəklər”.

Cəmiyyət 2022-09-24 12:29:00