×
A
A
A
Sazlamalar

Mahir Abbaszadə: “Nor Seround” erməni radikal qrupunun təxribat cəhdi beynəlxalq cinayətdir

Bakı, 24 sentyabr, AZƏRTAC

Fransada yaşayan ermənilər Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin binasına hücum etməyə cəhd göstəriblər. Fransanın təhlükəsizlik qüvvələri ilə ermənilər arasında qarşıdurma yaranıb və polis təxribatçıları hadisə yerindən uzaqlaşdırmağa nail olub. Təxribat törətməyə cəhd edən “Nor Seround” radikal erməni qrupunun məqsədi UNESCO yanında Azərbaycan Milli Komissiyasının, ölkəmizin Fransadakı səfirliyinin və UNESCO yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə Ermənistanda Azərbaycan tarixi və mədəni irsinin dağıdılmasına həsr edilmiş konfransın keçirilməsinə mane olmaq idi. Amma onların bu niyyəti boşa çıxıb və Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan mədəni irsinin dağıdılmasına həsr edilmiş tədbir baş tutub. Mərkəzə tədbirə gələn fransalı qonaqlar erməni radikalların təxribatının şahidi olublar və bu əməlləri pisləyiblər. Bu, beynəlxalq cinayətdir, beynəlxalq diplomatiya hüququnun pozulmasıdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə söyləyib.
Deputat bildirib ki, ermənilərin 12-13 sentyabr təxribatından və bunun ardınca Ermənistanın “təcavüz” iddialarından sonra xaricdəki erməni radikallar Azərbaycanın səfirliklərinə hücumlar edirlər. Belə hal ABŞ, London, Livan, Fransa və digər ölkələrdə təkrarlanıb.
“2020-ci ilin Tovuz hadisələrindən sonra da ermənilər xaricdə səfirliklərimizə və soydaşlarımıza qəfil hücumlar edir, aranı qatırdılar. Nəticədə azərbaycanlılar quduzlaşan ermənilərə adekvat cavab verməyə başladılar. Hətta bir sıra ölkələrdə böyük qarşıdurmalar yarandı.
Son günlərdə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə qarşı erməni icmalarının hücumları daha da güclənib. Bu, təbii olaraq, ciddi narahatlıq doğurur. Özündə vandalizm və terror elementlərini ehtiva etməklə bu hücumlar diplomatlara, onların mülklərinə xəsarət yetirmək məqsədini güdür, beləliklə də cinayət məsuliyyəti doğuran əməllər kimi səciyyələndirilir. Radikal erməni qruplarının cinayətkar hərəkətlərini qətiyyətlə pisləyirik və müvafiq ölkələrdə bu cür təxribatların qarşısının alınmasına cavabdeh olan qurumların öz vəzifələrinə məsuliyyətlə yanaşmasını gözləyirik. Azərbaycan tərəfi radikal erməni qüvvələrinin törətdiyi vandalizm aktlarının aidiyyəti dövlətlərin hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasını və bu cinayətləri törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməsini tələb edir”, - deyə M.Abbaszadə qeyd edib.
Deputat vurğulayıb ki, səfirliklərin ərazisi dövlətlərin ərazisi hesab olunur və ermənilərin səfirliklərimizə hücumları yolverilməzdir. Qeyd olunub ki, diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq, diplomatik nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq və nümayəndəliyin sakitliyinin pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək dövlətin xüsusi vəzifəsidir.
“Azərbaycan xarici ölkələrdəki diplomatik nümayəndəliklərdə fəaliyyət göstərən vətəndaşlarının taleyi üçün narahatdır və onların təhlükəsizliyi üçün lazım olan mümkün tədbirləri görür və görəcək”, - deyə Mahir Abbaszadə bildirib.


 

Cəmiyyət 2022-09-24 12:23:00