×
A
A
A
Sazlamalar

Tarix Muzeyində şəhid polkovnik-leytenant Rəşad Quliyevə məxsus materiallar qorunur

Bakı, 24 sentyabr, AZƏRTAC

Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda şəhid polkovnik-leytenant Rəşad Quliyevə məxsus materiallar - hərbi mərasim kiteli, şalvarı, hərbi xidmətdə çəkilmiş fotoşəkillər, orden-medallarının fotosurəti, müxtəlif vaxtlarda aldığı fəxri fərmanlar, döyüş yoluna həsr olunmuş videodisk, hərbi xidmətinə aid sənədlər qorunur.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Rəşad Quliyev 1983-cü ildə Bakı şəhərində anadan olub. 1990-1998-ci illərdə Xətai rayonunda A.Xəlilov adına 263 nömrəli tam orta məktəbdə, 1998-2000-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2000-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. O, 2016-cı ildə Aprel döyüşlərində və 2020-ci ildə Vətən müharibəsində Füzuli və Cəbrayıl istiqamətində torpaqlarımızın azad olunması uğrunda düşmənə qarşı döyüşlərdə mərdlik və igidlik nümunəsi göstərib.
Polkovnik-leytenant Rəşad Quliyev 2020-ci il oktyabrın 7-də şəhidlik zirvəsinə ucalıb və II Şəhidlər xiyabanında dəfn olunub.
Rəşad Quliyev “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və digər medallarla təltif olunub.

Elm və təhsil 2022-09-24 11:44:00