×
A
A
A
Sazlamalar

ÜST-nin Dəyərləndirmə Missiyasının nümayəndə heyəti Şamaxıda olub

Bakı, 24 sentyabr, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycana təşkil etdiyi 5 günlük ekspert missiyası Şamaxı rayonunda olub. Səfər çərçivəsində ÜST-nin Şamaxıda həyata keçirdiyi digər təşəbbüs – İlkin səhiyyə xidmətinin təşkilinə dair nümayiş layihəsi çərçivəsində görülən işlər və əldə edilən nəticələr nümayəndə heyətinə təqdim edilib.
AZƏRTAC ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, görüşdə ÜST ekspertlərinin layihə əsasında yaradılan yeni ilkin səhiyyə modelinə dair tövsiyələri müzakirə edilib.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovla da görüşən ÜST nümayəndələri rayondakı səhiyyə qurumları ilə gələcək əməkdaşlıq planlarına dair məlumat veriblər. Eyni zamanda səhiyyə müəssisələrinin imkanları və ehtiyacları barədə məlumatlanmaq üçün Göylər və Mədrəsə kənd həkim məntəqələri, Şamaxı Rayon Mərkəzi Xəstəxanası və Müalicə Diaqnostika Mərkəzi ziyarət edilib.
Qeyd edək ki, missiyanın məqsədi ehtiyacların qiymətləndirilməsi və ilkin səhiyyə, xəstəxana xidmətləri və tibb işçiləri üçün təlimlər sahəsində ölkəyə dəstək göstəriləcək istiqamətlərin müzakirəsidir.

 

 

 

Səhiyyə 2022-09-24 11:04:00